"Regionların iqtisadi potensialı çox genişdir" ÖZƏL-MÜNASİBƏT

“Ölkədə aparılan sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də məhz regionların tarazlı və davamlı inkişafıdır. Əhalinin rifahının yüksəlməsinə yönəlmiş Dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, bu gün regionlarda yaradılan biznes mühiti, kənd təsərrüfatı və sənayenin inkişafı üçün infrastruktur artıq öz bəhrəsini verməkdədir və bölgələrdə məşğulluğun təmin olunmasında əsas rol oynayır: “Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində də ciddi işlər aparılır. Elektrik, qaz təchizatı, yolların, xüsusilə kənd yollarının çəkilməsi və ümumiyyətlə, son illər ərzində bu istiqamətdə görülən işlər, doğrudan da regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsidir. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, yeni xəstəxanalar tikilib istifadəyə verilib.

Son illər ərzində regionlarda kənd təsərrüfatında islahatlar sayəsində qida məhsullarının istehsalı sektoru artıb ki, bu da qida istehsalının təhlükəsizliyinin təmin olunmasını aktuallaşdırır. Təsadüfi deyil ki, Azərbaycan bu gün kənd təsərrüfatına dövlət dəstəyi sahəsində dünyada aparıcı ölkələrdən biridir. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə Prezidentin fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Ölkə başçısı bildirib ki, bu ilin əvvəlində qəbul edilən regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı çox genişmiqyaslı proqramdır: “Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülüb, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılıb və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq”.

Həyata keçirilən tədbirlərin regionların inkişafı üçün hansı imkanlar yaratdığına gəldikdə isə millət vəkili bildirdi ki, regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir: “Bu məqsədlə ölkə başçısının tapşırıqları və imzasıyla Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı icra olunub. Artıq 4-cü Dövlət Proqramının icrasına başlanılıb. Bu proqramların uğurlu icrası ölkəmizin bütün regionlarının simasını dəyişib. Demək olar ki, regionların bütün sosial infrastrukturu yenidən qurulub. İndi isə regionların iqtisadi potensialının artırılması məqsədilə böyük proqramlar icra edilir. Aqrar sahəsinin inkişafına yanaşma dəyişilib, dövlət dəstəyi artırılıb. Regionların sənayeləşməsi prosesinə başlanılıb. Artıq Sənaye Parkları və Sənaye Məhəllələri regionlarda görünməyə başlanılıb. Regionlarda yüngül, yeyinti və emal sənayesinin inkişafı istiqamətində müxtəlif layihələr icra olunur. Regionların iqtisadi potensialı çox genişdir və proqramların icrasının davamlı olması ölkə iqtisadiyyatında regionların payını artıracaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...