Özbəkistanlı qonaqlar Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatında olublar -FOTOLAR

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın regionları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin yaradılması layihəsi əsasında Özbəkistanın Buxara Vilayət Hakiminin müavini Vahid Niyozovun, Vilayət Mədəniyyət İdarəsi rəhbərinin müavini Qalibcon Barotovun, Vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabinetinin yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri, Millətlərarası Münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyəti dekabrın 6-da Lənkəranın İstisu qəsəbəsində fəaliyyət göstərən “Yaşıl çay” fermer təsərrüfatında olublar. SİA-nın məlumatına görə, qonaqları qarşılayan təsərrüfatın rəhbəri Araz Yağubov onları çay plantasiyasında qarşılayıb, təsərrüfatın yaranması və fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra qonaqlar təsərrüfatın nəzdində yaradılmış “Çay muzeyi”nə baş çəkib, burada Azərbaycanda çayçılığın tarixi və hazırda bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən “Yaşıl çay” FT-nin istehsal etdiyi məhsullar və nümayiş olunan foto-eksposiziya ilə yaxından tanış olublar.

Çay süfrəsi arxasında davam edən söhbətdə Araz Yağubov təsərrüfatın yaradıldığı 2006-cı ildən bu yana gördükləri işlər barədə məlumat verib. Qeyd edib ki, İlk vaxtlar 20 hektar ərazisi olsa da, hazırda fermer təsərrüfatının torpaq sahəsi 150 hektardan çoxdur. Bunun 70 hektarı çay plantasiyasıdır və hazırda onun 50 hektarı məhsul verir. Məqsəd çay plantasiyalarını 120 hektara çatdırmaqdır. 2017-ci ilin sentyabrında Prezident İlham Əliyev cənub bölgəsinə səfəri zamanı “Yaşıl çay” fermer təsərrüfatında görülən işlərlə də tanış olub.

“Yaşıl çay” fermer təsərrüfatının rəhbəri “Lənkəran çayı”nın üstün cəhətlərindən danışaraq deyib ki, Lənkəranın saf havası, təbiəti burada keyfiyyətli çayın yetişdirilməsinə imkan verir: “Bu ərazidə hər hansı bir kimyəvi, plastik, metallurgiya zavodu olmayıb. Plantasiyalara qulluq zamanı kimyəvi vasitələr işlətmirik, yalnız heyvandarlıq fermasından və barama kümxanamızdan alınan üzvi gübrədən hazırladığımız kamposdan istifadə edirik. Ona görə də çaylarımız tam təbii çaylardır. Təsərrüfatın nəzdində müasir çay emalı və qablaşdırıcı fabriki fəaliyyət göstərdiyindən toplanan yaşıl çay yarpağı dərhal müəssisəyə çatdırılaraq emal edilir. Bu da alınan məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Hazırda müəssisədə 32 növ quru çay məhsulu istehsal edilir ki, bunun 9-u 2019-cu ilin payına düşür.

Müəəsisənin istehsal etdiyi “Monterrey çayı” və “AXC-nin 100 illiyi” inin şərəfinə buraxılan çaylar qonaqların xüsusi marağına səbəb olub. Hər iki çay barədə məlumat verən Araz

Yağubov ABŞ-nin Monterrey şəhərinin Lənkəranla qardaşlaşmış şəhəri olduğunu və bu münasibətlə həmin çayı istehsal etdiklərini diqqətə çatdırıb. Özbəkistanlı qonaqlar belə bir çayın Buxara şəhərinin şərəfinə buraxılmasının da maraqlı olacağını ifadə ediblər. “Yaşıl çay” fermer təsərrüfatının rəhbərini gələn ilin may ayının axırlarında Buxara şəhərində keçirələcək məhsul və mədəniyyət festivalında iştirak etmək üçün dəvət edən qonaqlar, həmçinin Buxara şəhərində “Yaşıl çay” FT-nin ixtisaslaşmış mağazasının açılması təklifi ilə çıxış ediblər

Araz Yağubov belə bir təklifin onunçün da maraqlı olduğunu və 2020-ci ildə Buxara şəhərinin şərəfinə yaşıl və qara çay istehsal edəcəklərini bildirib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə