Dünya Bankının regional direktoru ilə Mərkəzi Bankın sədri arasında görüş olub

Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib. SİA AMB-na istinadən bildirir ki, görüşdə Mərkəzi Bankın sədri E.Rüstəmov ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə yeni nəsil islahatlara start verildiyini qeyd edib.

Bildirib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaradır. O, bildirib ki, son dövrlər həyata keçirilən struktur-institusional islahatlar keyfiyyətcə yeni sosial-iqtisadi artım modelinə keçidi dəstəkləyir. E.Rüstəmov bu islahatların Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəldiyini vurğulayıb. Qeyd olunub ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq daima mühüm rol oynayıb. Bu əməkdaşlığın mühüm istiqamətlərindən birini DB ilə əlaqələr təşkil edir.

S.Molineus DB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində ölkədə həyata keçirilən layihələrin statusu barədə məlumat verib və Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara Dünya Bankının tam dəstəyini ifadə edib. O, maliyyə sektorunun modernizasiyasının, eləcə də maliyyə resurslarına çıxış imkanlarının artırılmasının özəl sektorun inkişafına töhfə verəcəyini bildirib. Qeyd edib ki, DB müvafiq texniki yardımın göstərilməsinə, islahatların həyata keçirilməsində zəruri dəstəyin verilməsinə hazırdır.

E.Rüstəmov son təşkilati dəyişikliklər də nəzərə alınmaqla hazırda qarşıda duran mühüm islahat istiqamətlərindən birinin ölkənin maliyyə sektorunun inkişaf etdirilməsi, bu sektorun dayanıqlığının qorunması, maliyyə dərinliyinin artırılması və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, maliyyə sektorunun iqtisadi artım prosesinin dəstəklənməsi və real sektorla əlaqələrin gücləndirilməsi olduğunu deyib. Mərkəzi Bankın sədri maliyyə institutlarının, xüsusilə kredit institutlarının biznes modelinin yeni iqtisadi situasiyaya adaptasiyasının, sektorda yeni artım strategiyası və maliyyə dayanıqlığının optimal balanslaşdırılmasının və əlavə risk akkumulyasiya olunmasına yol verilməməsinin vacibliyini diqqətə çatdırıb.

E.Rüstəmov mövcud islahatlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə, mühüm əhəmiyyət kəsb edən maliyyə sektorunun nəzarət və tənzimləmə prosesinin ən yaxşı beynəlxalq təcrübə və standartlarına uyğunlaşdırılması istiqamətində DB ilə birgə işlər aparacağına və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına əminliyini ifadə edib.

Görüşdə Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə