"Cənub Qaz Dəhlizi"- XXI əsrin layihəsi

"Cənub Qaz Dəhlizi"- XXI əsrin layihəsi

Prezident İlham Əliyev: "Qlobal miqyaslı layihənin reallığa çevrilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü, iki ölkənin növbəti zəfəridir"

Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan növbəti böyük uğurun - dəyəri 45 milyard dollara yaxın, uzunluğu 3 min 500 kilometr olan və 6 ölkədən keçməklə, Azərbaycanı Bakıdan İtaliya sahilləri ilə birləşdirən kəmər sistemi - "Cənub Qaz Dəhlizi" layihəsinin daha bir seqmenti - Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin - TANAP-ın ikinci hissəsi istifadəyə verilir. "Cənub Qaz Dəhlizi"nin bel sütunu olan layihənin keçiriləcək açılış mərasimində Xəzərin qazı TANAP ilə ilk dəfə Avropaya çatdırılacaq.

TANAP-ın tikintisinin başa çatması Azərbaycan, Türkiyə və Avropa üçün əlamətdar hadisədir

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral sözügedən məsələ ilə bağlı bildirib ki, bu gün Edirne vilayətinin İpsala rayonunda TANAP-ın ikinci hissəsinin açılışı olacaq: "Bu, onu ifadə edir ki, TANAP-ın tikintisi tamamilə bitir və Azərbaycan qazı Avropaya çatır. Biz hər zaman demişik ki, Azərbaycan TANAP və "Cənub Qaz Dəhlizi" sayəsində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verəcək. Bu, artıq reallıqdır. Trans-Adriatik boru kəmərinin tikintisi başa çatdıqdan sonra Avropa artıq gələn il daha bir vacib alternativ qaz mənbəyi əldə edəcək".

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir.

Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Xəyallar gerçəkliyə çevrildi

Türkiyə mediası bu tarixi layihə ilə bağlı qardaş ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Onun sözlərinə görə, TANAP "Türk axını" kəmərinin rəqibi sayılır: "TANAP ən vacib layihələrimizdən biridir. Kəməri noyabrın 30-da istifadəyə verməyi planlaşdırırıq ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər".

Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin reallaşmasını Prezident İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü, iki ölkənin növbəti zəfəri adlandırıb.

Səbəbi isə odur ki, bu layihə ilk dəfə gündəmə gələndə, bəzi dairələr buna xəyal deyirdilər. Antiazərbaycançı qüvvələr bunun həyata keçirilməsini qeyri-mümkün sayırdılar. Amma iki qardaş ölkə səbir etdi və dözüm göstərdi. Doğru yolda qətiyyətlə çalışılaraq, uğurlu nəticə əldə edildi.

Əskişəhərdə keçirilən təntənəli açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dedi ki, Azərbaycan Türkiyə ilə XXI əsrin enerji tarixini birlikdə yazır. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür: "TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. "Cənub Qaz Dəhlizi"nin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir... Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır".

TANAP - iki qardaş ölkənin ortaq baxışının ən son bəhrəsi

İqtisadçı-ekspertlər də hesab edirlər ki, TANAP təkcə enerji təhlükəsizliyi baxımından deyil, Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərindəki bütün ölkələrin rifahına və məşğulluq probleminə də töhfə verəcək.

TANAP-la 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə, 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində isə, bu həcm 6 milyard kubmetrə çatdırılacaq. TANAP Türkiyənin təbii qaza olan tələbatının 12 faizini ödəyəcək.

TANAP iki qardaş ölkənin ortaq baxışının ən uğurlu bəhrəsidir. Enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP, eyni zamanda, qarşıdakı illərdə birgə həyata keçiriləcək yeni layihələrin müjdəsidir.

Qətiyyətli siyasətin uğurlu nəticəsi

Bax budur, qətiyyətli siyasəti uğurlu nəticəsi. Prinsipial və alternativsiz mövqeyi ilə tanınan Azərbacan Prezidenti İlham Əliyevin möhtəşəm uğurları. Noyabrın 30-da bütün Avropa bir daha Azərbaycan Prezidentinin uğurlu diplomatiyasına həsəd aparmaqla, bir daha şahid olacaqlar ki, bu ancaq və ancaq Azərbaycan rəhbərinin güclü uğurlu siyasəti nəticəsində gerçəkliyə çevrilə bilər və noyabrın 30-da Avropa bir daha şahidi olacaq!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə