Təkrar mənzil bazarında vəziyyət necədir?

Təkrar mənzil bazarında vəziyyət necədir?

2011-ci ilin fevral ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə 0,7% artım müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində yeni tikililərin payının artımı fevral ayında da davam edib. Bazarın bu seqmenti üzrə təklifin stabil qalması ilə yanaşı, mənzillərin qiymət dinamikasının azalması davam edib. Ümumi təklif portfelində təkrar bazara daxil olan yeni tikililərin payının (61,2%) artması davam edib. Bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi mənfi təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları xeyli məhdudlaşıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin azalmasına gətirib çıxarıb.

Fevral ayında təkrar mənzil bazarında təklif həcmi fevral ayı ilə müqayisədə nisbi (0,1%) artmış, orta qiymət isə 2.0% azalıb. Qiymət azalmasına mənzillərin reablitasiya imkanlarının və nağd satışların məhdudlaşması səbəb olub.

Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq 2.0% azalıb. Təkrar bazarda dinamikaya təsir göstərən amillərin çox olmasına baxmayaraq əmlakın bu növü üzrə qiymət azalması ilkin bazardan daha dinamikdir. Ekspertlər bu amili ilkin bazarda qiymətlərin sahibkarların nəzarətində olması, eyni zamanda təkrar bazar üzrə qiymətlərin əmlakın real dəyərindən hələ də baha olması ilə əlaqələndirirlər. Eyni zamanda araşdırmalar göstərir ki, təkrar bazar üzrə mənzillərin əksəriyyəti mənzil mülkiyyətçilərinin müəyyən ehtiyaclarını qarşılamaq məqsədilə bazara çıxarılır ki, burada ekspozisiya müddətinin artımı mənzilin qiymətinə mənfi mənada kəskin təsir göstərir.

Təkrar bazarda dinamikanın məhz ipoteka kreditləşməsi hesabına formalaşdığını nəzərə alsaq, prosesdə yaranan azacıq fasilənin bazara təsiri normaldır. Fevral ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlıq və qiymətlərin münasibliyidir.

Araşdırmalar göstərir ki, bazarda qiymətlər azaldıqca bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 2 rayonun üzərinə düşür. Bu, həmin rayonlarda əmlak qiymətlərinin eyni zamanda ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır. Fevral ayında təkrar mənzil bazarında qiymət indeksi yanvarla müqayisədə 3.8 bənd azalaraq 185,4 bənd səviyəsində qərarlaşıb. Fevral ayında aparılan araşdırmalara əsasən təklif nisbi (0,1%) artmış və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7000-ə yaxınlaşıb.

Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 79,4%-ə bərabər olub. Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Fevral ayında da otaqlar üzrə vəziyyət ötən aylardakı kimi qalmış, 3, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınmışdır. Təklif üzrə ən çox azalma 4 və 5 otaqlılar üzrə qeydə alınıb. 1 və 2 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınaraq 1,3%-ə çatıb. Fevral ayında qiymət indeksində 3.8 bənd azalma müşahidə edilib. Orta qiymət 2.0% azalaraq ötən ay qeydə alınıb 1028 $/kv.m-dən 1007 $/kv.m-ə enib. Fevralda heç bir rayonda qiymət artımı qeydə alınmayıb. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1041 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 58,2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.61, hər otağın orta satış qiyməti 44561 ABŞ dolları, mənzilin orta qiyməti isə 112452 ABŞ dolları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə