Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam edir
Bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqrammı, artıq 92,1 faiz icra olunub
Son 16 il ərzində bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafını təmin edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən, aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib. Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə, prinsipcə, yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Bu addımlar planlı, Azərbaycan dövlətinin sosial- iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına, hazırlanan proqramlara uyğun olaraq, həyata keçirilir.Ölkəmizdə 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə xalqın böyük əksəriyyətinin səsini qazanaraq parlaq qələbə qazandıqdan sonra imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin, Onun növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Bu günə qədər 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə, 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 92,1 faiz icra olunub.
AZƏRBAYCANIN SOSİALYÖNÜMLÜ DÖVLƏT SİYASƏTİNİN ƏSASINDA HUMANİZM PRİNSİPLƏRİ DAYANIR
Dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və başqa koteqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklər kimi xarakterizə olunur. 19 fevral 2019-cu il tarixli Fərman isə, istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə, ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən, 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılacaq. Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır. Göründüyü kimi, bu və ya digər sərəncamlar dövlət siyasətinin sosialyönümlülüyünü, xalqın sosial qayğılarının həllinin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə prioritet təşkil etdiyini göstərir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB