Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu bütün dünyanın diqqət mərkəzindədir və bu heç də əbəs yerə deyil. Heç şübhəsiz ki, Çinin hazırda iqtisadi inkişafı, dinamik irəliləyişi fonunda bu diqqət özü də başadüşüləndir. İndi Qərb bu iqtisadi inkişafı izləmək məcburiyyətindəir və Çinin yeni layihəsi özünün qloballığına, beynəlxalq miqyasda əhəmiyyətinə görə diqqəyə layiqdir.
“Bir kəmər, bir yol” dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir
Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderlərinin qatılığı Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərlərinin itirakı layihənin əhəmiyyətini, vacibliyini, eləcə də qlobal olmasını təsdiqləyir. Çin “bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb və bu strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa, eləcə də digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Hazırda Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürüdür və ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsi kimi nəzərdə tutulur. “Bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləğinin 2013-2018-ci illərdə 6 trilyon ABŞ dollarını ötüb keçməsi sözügedən layihənin aktuallığını bir daha təsdiqləyir. Nəzərə alsaq ki, Çinin irəli sürdüyü “bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir, deməli, bu təşəbbüs dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir.
Çinin irəli sürdüyü layihə bir çox qitələrlə, həmçinin bir çox ölkələrlə daha sıx əlaqələrin qurulmasına da öz töhfəsini verəcək
Təbii ki, “bir kəmər, bir yol” layihəsində, onun reallaşmasında ən maraqlı olan ölkə Çindir. Etiraf edilməlidir ki, Çin bu layihə vasitəsilə dünya bazarlarına daha çox mal nəql etmək imkanı əldə edir. İqtisadi inkişafın, istehsalın, emalın güclənməsi fonunda sözsüz ki, mal nəql etmək imkanının əhəmiyyəti danılmazdır və bunu Çin hökuməti çox yaxşı dəyərləndirir. İstehsal olunan malların ən qısa yolla, ən tez zamanda istehlakçı bazarlarına paylanılması sürətli mal dövriyyəsi deməkdir və etiraf edək ki, bu iqtisadi inkişaf dinamikasını şərtləndirir.
Digər tərəfdən layihənin, təşəbbüsün iqtisadi tərəfi ilə yanaşı siyasi baxımdan da əhəmiyyəti danılmazdır. Heç şübhəsiz ki, “bir kəmər, bir yol” layihəsi bir çox qitələrlə, həmçinin bir çox ölkələrlə daha sıx əlaqələrin qurulmasına da öz töhfəsini verəcək. Bu təşəbbüsün köməyi ilə, bu layihə vasitəsi ilə təkcə iqtisadi və ticarət əlaqələrini deyil, Çin özünün siyasi əlaqələrini də gücləndirəcək. Pekindəki konfransdan əvvəl Çin liderinin Avropa ölkələri, məsələn, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalaması deyilənləri isbatlayır.
Təkzib etmək olmaz ki, bu layihədə iştirak edən ölkələrin özləri də əlaqələrinin daha da artacağına zərrə qədər şübhə etmir. Əksinə, layihə iştirakçıları, daha dəqiq desək layihədə iştirak edən dövlətlər əlaqələrinin artacağına hər biri ayrı-ayrılıqda əmindirlər. Təkcə Çin deyil, digər ölkələr üçün də bu layihə əlaqələrin genişləndirilməsi istiqamətində geniş spektr açır. İndi Azərbaycan kimi bir ölkə üçün əlaqələrin daha da genişləndirilməsi çox əhəmiyyətli məsələdir və bu yolda uğurlara aparan layihə bu baxımdan ölkəmiz üçün də çox dəyərlidir.
Sözsüz ki, Ermənistan kimi işğalçılıq siyasəti yürüdən ölkənin belə bir iddiası da ola bilməzdi və Forumda bu işğalçı dövlətin, onun nümayəndəsinin iştirak etməməsi də bu mənada tam başadüşüləndir. Başa düşülən odur ki, bu işğalçı ölkə heç bir qlobal layihəyə nə qoşulmaq əzmindədir, nə də buna şansı ola bilməz. Əvvəla ona görə ki, marginallaşmış, küncə qısılmış durumda olan bir ölkənin əlaqələrə hədsiz dərəcədə ehtiyacı olsa belə buna ümidi yoxdur. Çünki, iqtisadiyyatı sıfır səviyyəsində olan, siyasəti işğalçılıqdan, terrorçuluqdan, separatçılıqdan ibarət olan dövlətin hansısa əlaqələr qura bilməsi ağlabatan deyil. Görünür, elə buna görə də bu işğalçı dövlət Forumda iştirak etməyin onlar üçün mənasız və maraqsız olduğunu dərk edib və iştirak da etməyib.
Azərbaycan gələcəkdə “bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Cənubi Qafqaz ölkələrindən tədbirə Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəvət edilib və bu heç də təsadüfi deyil. Əvvəla ona görə ki, Azərbaycan bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkə olub və bu layihənin perspektivində payı olan ölkədir. Dİgər tərəfdən Çin hökuməti çox yaxşı bilir ki, Azərbaycan gələcəkdə “bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək. Böyük İpək Yolu üzərində yerləşən, bu yolun bərpasında təbii tərəfdaş olan Azərbaycan həmçinin Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarındandır. Azərbaycan prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin özü də bunu qeyd edib və “bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb.
Si Cinpinin fikirlərindən belə məlum olur ki, Çin gələcəkdə dünya bazarlarına Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən daha çox mal daşımağı planlaşdırır. Bu isə ölkəmiz üçün sözün əsl mənasında böyük perspektiv deməkdir. İllərdir məhz bunun üçün çalışılır və Rəsmi Bakı Çinin Ələt limanından, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadəsinə maraqlıdır. Nəzərə almaq lazımdır ki, Çinin öz mallarının cəmi 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşıması həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsi deməkdir. Bu da nəticə etibarı ilə ölkəmizin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasını proqnozlaşdırır. Heç şübhəsiz ki, Azərbaycanın bu layihədə aktiv iştirakı ölkəmizin Avrasiya bölgəsindəki rolunu da artıracaq.
Azərbaycan Prezidenti Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşüb və səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Bu çox böyük investisiya cəlbi deməkdir və ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi, müsbət dinamikaya səbəb olacağı zərrə qədər şübhə doğura bilməz. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir. Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın isə Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir.
Azərbaycan qitələri, ölkələri, sivilizasiyaları ayıran deyil, birləşdirən yoldur. Məhz bu yol şərqdən qərbə, şimaldan cənuba bütün ölkələri birləşdirəcək, istər iqtisadi, istər siyasi, istər mədəni, istərsə də hərhansı sahədə olursa olsun əlaqələri daha da dərinləşdirəcək, inkişaf etdirəcək. Bu yolun, bu ölkənin əhəmiyyəti beynəlxalq miqyasda yüksək dəyərləndirilir. Çünki, yol mədəniyyət, inkişaf, tərəqqi deməkdir və öz dəyərli qiymətini almaya bilməz. Çinin də məhz bu yolu, ölkəmizin bu birləşdirici rolunu yüksək qiymətləndirdiyi göz qabağındadır. Azərbaycan reallaşdırdığı qlobal əhəmiyyətli layihələri ilə hələ bundan sonra daha böyük maraq dairəsində olacaq. Ölkəmizin gələcəkdə daha geniş, daha irimiqyaslı layihələrdə iştirak edəcəyi və daha böyük uğurlara imza atacağı günün reallığıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB