Statistika Komitəsinin sədri: “Əhalinin banklardakı 2.9 milyard manat əmanətlərinin 2,2 milyardı özəl banklara qoyulub”
"Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2009-cu illə müqayisədə 9,1 faiz çoxalaraq 325,0 manat təşkil edib. İqtisadiyyatın ayn-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olub və sənayedə 461,7 manat, tikinti kompleksində 505,3 manat, nəqliyyat işçilərinin əmək haqqı 371,5 manat, rabitə 523,4 manat təşkil edib". SİA-nın verdiyi xəbərə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev ötən ilin statistik yekunlarına həsr olunan mətbuat konfransında deyib. O, qeyd edib ki, ötən il əhalinin gəlirləri əvvəlki illə müqayisədə 13,3 faiz artaraq 25,6 milyard manata, adambaşına düşən məbləği isə 11,9 faiz artaraq 2866,0 manata çatıb. Gəlirlərin 70,0 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 19,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.
Komitə sədri həmçinin ötən il dövlət büdcəsinə 9,2 milyard manat vəsait daxil olduğunu deyib. Onun sözlərinə görə, bu dövrdə büdcədən 8,4 milyard manat vəsait xərclənib. Büdcə xərclərinin 37,7 faizi, yaxud 3,2 milyard manatı iqtisadiyyatın inkişafına, 11,7 faizi (986,4 milyon manatı) təhsilə, 12,5 faizi (1052,1 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranana 771,0 milyon manat məbləğində profisit ÜDM-də 2,1 faiz təşkil edib: "Əhalinin banklardakı əmanətləri 2009-cu ilin on bir ayının göstəriciləri ilə müqayisədə 27,4 faiz artaraq 2,9 milyard manata çatıb. Əmanətlərin 1297,4 milyon manatını və ya 45,2 faizini milli valyuta, 1571,0 milyon manatını isə xarici valyuta təşkil edib, vəsaitin 2,2 milyard manatı özəl banklara qoyulub. Eyni zamanda maliyyə-kredit təşkilatları tərəfindən ölkənin hüquqi və fiziki şəxslərinə verilən kreditlərin məbləği 12,7 faiz artaraq əvvəlki illərdə verilən kreditlər də nəzərə alınmaqla 9,1 milyard manata çatıb. Kreditlərin 72,0 faizi uzun müddətə verilən, 5,0 faizinin ödəmə vaxtı keçib".
Manatın məzənnəsinə gəlincə komitə sədri deyib ki, ötən il manatın 1 ABŞ dollarına orta aylıq məzənnəsi 0,80 manat, 1 Avroya 1,06 manat, 100 Rusiya rubluna 2,59 manat, orta illik məzənnə isə müvafiq olaraq 0,80, 1,06 və 2,64 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB