"Sığortanın əhali arasında geniş təbliği ilə bağlı Tədbirlər Planı hazırlanacaq” MÜSAHİBƏ

"Sığortanın əhali arasında geniş təbliği ilə bağlı Tədbirlər Planı hazırlanacaq” MÜSAHİBƏ

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyevin SİA-ya müsahibəsi

- Azər müəllim, hazırda Azərbaycanın sığorta bazarında vəziyyət və bu ilin sonuna proqnozlarınız necədir?

- Bir neçə ildir ki, sığorta haqlarının və zərərlərin ödənişləri ilə bağlı sabit artım müşahidə olunur. Bu isə sığorta sahəsinin inkişafını göstərir. 2018-ci ildə Azərbaycanda 727 954,1 AZN sığorta haqqı toplanılıb. Cari ildə rəqəmlərdə 20 faizə qədər artım gözlənilir. Ümumiyyətlə, ölkəmizin sığorta bazarının potensialı çox böyükdür və gələcəkdə bu istiqamətdə daha çox işlər görməliyik. Əsas odur ki, sığorta bazarı ilə bağlı müsbət dinamika görünür.

- Azərbaycanda könüllü sığortaya maraq demək olar ki, yox dərəcəsindədir. Sığorta sisteminin məcburi sığorta fonunda baş verdiyini desək yanılmarıq. Buna səbəb nədir?

- Ölkəmizdə könüllü sığorta növlərinə qarşı maraq çox aşağı səviyyəsində olduğunu deməzdim. Əlbəttə, icbari sığorta növləri sığorta bazarı portfelinin kifayət qədər payını (191 807,1 AZN ) tutur. Amma 2018-ci il üzrə yığılan sığorta haqqına (727 954,1 AZN təşkil edir) baxsaq Həyatın yaşam sığortası, Könüllü Tibbi Sığorta, Könüllü əmlak sığortası kimi növlər (daşınar və daşınmaz əmlakları nəzərə alsaq) ümumi yığımların yarısından çoxunu (536 147,0 AZN) əhatə edir. Konüllü sığorta ilə bağlı vəziyyət tək bizim ölkəmizdə müşahidə edilmir. Tarixən sığortanın inkişafı ilk növbədə icbari sığorta növlərindən ibarət olub ki, bu da gələcəkdə könüllü sığorta növlərinin inkişafının stimullaşdırıcı amil kimi çıxış edir. Bu baxımdan hazırkı vəziyyəti sığorta sahəsi üçün normal təkamül bir proses adlandırmaq olar. Çünki, bu gün ölkəmiz sığorta sisteminin inkişaf ilə əlaqədar yolun başlanğıcındadır.

O ki qaldı səbəblərə, ümumilikdə sığorta ilə bağlı əhali - yəni fiziki şəxslər, biznesmen, hüquqi şəxslərin arasında bir xidmət kimi populyarlaşdırmasının fərqini müəyyən etmək əhəmiyyətlidir. Bu gün əhalini bir sığorta xidmətinin istehlakçısı kimi hesab edəndə, ilk növbədə fikrimizə gələn sığorta növü avto nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası gəlir. Çünki, hazırda ən geniş yayılan sığorta növü budur və bu sığorta növü haqqında həm daha ətraflı məlumat əldə etmək olur, həm də daha çox müzakirələr aparılır. Bu baxımdan könüllü sığorta növlərinin tamamilə inkişaf etmədiyini də deyə bilmərik. Əslində icbari sığorta növlərinin çox sayda olmasını pis amil hesab etmirəm. Sığorta nədir? Sığorta müəyyən risklərin nəticəsində ehtimal olan itkilərə görə maliyyə mühafizəsidir. Bu gün risklər bizi həyat fəaliyyətimizin bütün proseslərində təqib edir: həm iş yeri, həm təhsil müəssisələri, hətta evdə istirahət vaxtında. Məcburilik kütləviliyi təmin edir, kütləvilik isə sığorta xidmətini daha ucuz etməyə imkan verir. Bu da nəticə etibarı ilə daha çox sığorta haqlarının yığılmasına, gələcək inkişaf üçün ölkə iqtisadiyyatına yönəldilir.

- Hazırda icbari sığorta potensial bazarın neçə faizini əhatə edir?

- Konkret rəqəmlərin verilməsi yanlış olar. Bu gün ümumilikdə sığortanın ölkə iqtisadiyyatında yayılma səviyyəsini müəyyən etsək daha yaxşı olar. Bu rəqəm əslində 1 faizə qədər çatmır. Düzdür, bu rəqəm çox deyil. Amma bu o demək deyil ki, bu sahədə potensialımız yoxdur. Əksinə bu rəqəm bizə böyük bir potensialımız olduğuna və fəaliyyətə məhz bu mövqedən başlamağa işarədir. 2018-ci il üzrə ölkədə yığılan sığorta haqqına bir daha nəzərə yetirsək, bu il bu rəqəmin 20-30 faiz daha artıq olacağını deyə bilərik.

- Ekspertlər bildirir ki, vətəndaşların sığorta ilə bağlı inamsızlığının əsas səbəbi məhz maarifləndirmənin yetərli olmamasıdır. ASA vətəndaşların sığorta ilə bağlı məlumatlandırması istiqamətdə hansı işləri həyata keçirir?

- Artıq uzun illərdir ki, ASA tərəfindən vətəndaşlarımızın sığorta ilə bağlı məlumatlarının genişləndirilməsi istiqamətində müntəzəm olaraq işlər aparılır. Ola bilsin ki, bu işlər hansısa müddətdə daha çox, hansısa müddətdə az fəal şəkildə həyata keçirilir. Amma ümumilikdə ASA vətəndaşlara sığorta xidmətləri, icbari sığorta növləri haqqında məlumat verilməsin istiqamətində həm müxtəlif təhsil müəssisələrində, həm gənclər arasında müxtəlif konfranslar, Forumlar təşkil edir, sığorta sahəsi üzrə mütəxəssisləri tədbirlərə dəvət etmək, onların televiziya kanallarında, internet şəbəkələrdə çıxışlarını hazırlamaqla bu sahəyə öz töhfəsini vermiş olur.

- Bildiyiniz kimi, martın 26-da Nizami rayonunda yerləşən ticarət mərkəzində baş verən yanğın zamanı sahibkarlar mallarını sığorta etmədikləri üçün çətin vəziyyətlə üz-üzə qalmışdılar. Onların bir çoxu sığorta ilə bağlı məlumatlarının olmadığını bildirdilər. Son hadisədən sonra sığorta sahəsində hansı təbliğat-təşviqat işlərinin aparılması planlaşdırılırmı?

- Bildirim ki, aprelin 1-də Maliyyə Bazarlarına Nəzarət Palatasında sığortanın təbliğatı mövzusunda geniş görüş keçirilmişdir. Palatanın nümayəndələrindən başqa İcbari Sığorta Bürosunun, Azərbaycan Sığortaçılar Assosiasiyasının və İcbari Sığorta Bürosunun üzv olan 13 sığorta şirkətlərinin rəhbərlərinin iştirak etdiyi görüşdə bir xidmət sahəsi kimi sığortanın qısa zaman kəsiyində ölkə əhali arasında genişmiqyaslı təbliğat aparılması ilə əlaqədar Tədbir Planının hazırlanmasına dair qərar qəbul olundu. Bu Tədbirlər Planı qarşıdakı bir neçə ili əhatə edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə