Ölkədə vətəndaş amilinə diqqətin günü gündən artdığı təkzibedilməzdir və bu yürüdülən sosial siyasətin qayəsini təşkil edir. Minimum əmək haqqının 38,5 faiz artırılaraq 180 manata çatdırılması heç də sıradan bir hadisə hesab oluna bilməz və bu barədə ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı böyük əhəmiyyət kəsb edir.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” ölkə başçısının 8 fevral 2019-cu il tarixli sərəncamına əsasən, bu ayın, yəni martın birindən minimum əməkhaqqının səviyyəsi 38,4% artırılıb. Bu isə o deməkdir ki, minimun əmək haqqının məbləği 180 manata çatdırılıb. Xüsusilə qeyd etmək lazımdır ki, bu artımdan sonra ölkədə ilk dəfə olaraq minimum əməkhaqqı məbləği yaşayış minimumu səviyyəsilə bərabərləşib.
Əmək haqqlarının artmasına, yaşayış şəraitinin tənzimlənməsinə, sosial durumun yaxşılaşmasına mütəmadi olaraq tövhələr verilməkdədir
Minimum əməkhaqqının artımı 600 min insanı əhatə edir ki, bu heç də kiçik rəqəm deyil. Sərəncama əsasən dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30, özəl sektorda isə 150 min nəfərin əməkhaqqında 25% artım olacaq. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat vəsait tələb olunur. Təkcə 2019-cu ilin 10 ayı üçün 335 milyon manat əlavə vəsait ayrılıb. Sözügedən sərəncam da bundan əvvəlki sərəncamlar kimi məhz ölkə vətəndaşlarının yaşayış şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Göründüyü kimi, Azərbaycan hökuməti vətəndaşların əmək haqqlarının artmasına, minimum yaşayış şəraitinin tənzimlənməsinə, sosial durumun yaxşılaşmasına mütəmadi olaraq tövhələr verməkdədir.
Məsələnin ən vacib tərəfi, onun mahiyyəti eyni zamanda ondan ibarətdir ki, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ödənilən ən aşağı maaş həddidir. Bu isə o deməkdir ki, işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır. İnkişaf etmiş ölkələrdə də gündəlik və saatlıq əməkhaqqı ödənişi üzrə minimal hədd sistemi mövcuddur. Minimum aylıq əməkhaqqı həddinin və siyasətinin tətbiqi maaşların ən aşağı səviyyəsini və son aşağı həddini müəyyənləşdirir. Bu isə öz növbəsində həyat şəraitini yüksəltmək yollarını, perespektivlərini təyin etmək, yoxsulluq səviyyəsini azaltmaqla yanaşı, biznesin effektli olması istiqamətində çox böyük stimul yaratmaq imkanlarını da genişləndirir.
Əhalinin maddi durumunun yaxşılaşdırılması istiqamətində görülən işlərin ardıcıllığı bunun bir tendensiya, sosial siyasət ənənəsi olduğunu təsdiq edir
Son 15 ildə Azərbaycanda əmək haqları 7 dəfə, minimum əmək haqları isə 6,5 dəfə artırılıb və bu göstəricilər çox uğurlu sosial siyasət aparıldığını təsdiqləyir. Təsdiq edir ki, ölkə vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi başda Cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Bu eyni zamanda dövlətimizin vətəndaşlara olan qayğısının bariz nümunəsi və əməli təzahürüdür.
Nəzərə almaq lazımdır ki, minimum əmək haqqının artırılması yalnız ölkə başçısının, Prezidentin sərəncamı ilə həyata keçirilir. Bu isə o deməkdir ki, bütün ölkə üzrə, yəni iqtisadiyyatın bütün sektorları, bütün sahələri üzrə əməkhaqqı ödənişlərini artırmaq mümkün olur və elə üstünlük də məhz bundan ibarətdir. Yəni bu sərəncam və nəticədə də artım tək bir qrupa deyil, bütün vətəndaşlara şamil olunur.
Əgər Cənab Prezident konkret bir sahədə və ya sektorda maaşların artımı ilə bağlı sərəncam imzalasaydı bu yalnız həmin sferanı əhatə edərdi. Amma bu sərəncamın üstünlüyü ondan ibarətdir ki, bu sərəncamla artım hamıya şamil olunur və bütün vətəndaşların yaşayış şəraitini yüksəldir. Təbii ki, onun yaşayış minimumu ilə bərabər səviyyəyə çatdırılması da öz növbəsində daha böyük əhəmiyyət kəsb edir. Eyni zamanda qeyd etmək yerinə düşərdi ki, əmək haqqlarının minimum səviyyəsinin yaşayış minimumu ilə bərabər səviyyəyə çatdırılması sosial müdafiənin təmini baxımından effektliliyini əhəmiyyətli dərəcədə artırır.
Hazırda minimum əməkhaqqı yaşayış minimumu həddindədir. Lakin, dövlətin sosial siyasət prioritetlərinə nəzər saldıqda aydın olur ki, bu hələ son deyil. Vətəndaşların sosial təminatları istiqamətində bir-birinin artdınca atılan addımlar, əhalinin maddi durumunun yaxşılaşdırılması yönündə görülən işlərin ardıcıllığı bunun bir tendensiya, sosial siyasət ənənəsi olduğunu təsdiq edir. Deməli, yaxın gələcəkdə ölkədə ən aşağı maaş səviyyəsinin yaşayış minimumu həddindən yuxarı olacağı günün reallığıdır və bu gün çox uzaqda deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB