Azərbaycan dəmir yollarının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Birmənalı şəkildə, demək olar ki, son 15 ildə aparılan iqtisadi islahatlar, daxili və xarici siyasət nəticəsində Azərbaycan, nəinki MDB dövlətlərini, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrini də geridə qoyub. 2004-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, qeyri-neft ixracı isə 4,1 dəfə artmışdır. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 13,3 dəfə artaraq, 1,5 milyard manatdan 20,1 milyard manata çatmışdır. 2004-cü ildə valyuta ehtiyatları, 1,8 milyard dollar olduğu halda, bu gün valyuta ehtiyatlarımız 43 milyard dollar həcmindədir. Bu da valyuta ehtiyatlarının 23 dəfə artması deməkdir.
Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, bizim bütün iqtisadi göstəricilərimiz çox müsbətdir: "Mən bəzi göstəriciləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Ümumi daxili məhsul, yəni iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq eyni zamanda, dünyada gedən proseslərə baxdıqda, hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir".
İslahatların əsasının qoyulduğu tarix
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da uğurla həyata keçirilir. Bu baxımdan, demək olar ki, Azərbaycan dəmir yollarının texniki tərəqqisi və hərtərəfli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Öndərimizin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illərdə Azərbaycan dəmir yolu infrastrukturunda mühüm nailyyətlər əldə olunmuşdur. Məhz bu illərdə 14300 yeni texniki metod tətbiq edilmiş və bu, dəmir yolunun bütün sahələrini əhatə etmişdir. Ulu Öndərin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istərsə də keçmiş SSRİ hökumətində yüksək vəzifə tutduğu 1983-1987-ci illərdə Azərbaycan dəmir yolu müasir texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz olunmuşdur. Həmin illərdə Azərbaycanın yüzlərlə ən yaxşı dəmiryolçusu orden və medallarla təltif edilmişdir ki, bu da Ümummilli Lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin təzahürlərindən biridir. Digər sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan şəxslərin böyük əksəriyyəti, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-1987-ci illərdə xaricdə təhsil almış mütəxəssislərdir. Bugünkü reallıq və faktlar, bir daha göstərir ki, Ümummilli Liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasına yönəlmişdir.
Dəmir yolunda kompleks işlər həyata keçirilir
Dəmir yolu sahəsində aparılan islahatlar və bunun nəticəsində əldə olunan uğurlar son 15 ildə daha geniş və çoxşaxəli xarakter daşımışdır. Ulu Öndərimiz Heydər Əliyevin layiqli varisi, ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün, məqsədyönlü siyasəti nəticəsində dəmir yolu nəqliyyatında dinamik inkişafa və tərəqqiyə nail olunmuşdur. "Azərbaycan Dəmir Yolları" QSC-də gedən yeniləşmə prosesinin əsas tərkib hissələrindən biri yolların əsaslı təmiridir. Bu istiqamətdə dəmir yolunda kompleks işlər görülür. Beynəlxalq və regional nəqliyyat dəhlizlərinin gələcəkdə fəaliyyət göstərməsi Azərbaycan üzərindən yük axınının dəfələrlə artmasına gətirib çıxaracaq. Bunun üçün dəmir yolunda irihəcmli işlər aparılır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat qurumları, o cümlədən, dəmir yolu beynəlxlaq layihələrin reallaşması prosesində aktiv iştirak edir. 2018-ci il oktyabrin 30-da Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısında təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin, onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi olub. Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçılarının daim nəzarətində olan layihədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nəqliyyat dəhlizinin əhəmiyyətini dəfələrlə vurğulayıb. O, bildirib ki, biz tərəfdaşlarımız - Gürcüstan və Türkiyə ilə dəmir yolunun inşasının təşəbbüskarı olduq. Bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Biz qarşılıqlı ticarət dövriyyəmizi bu dəmir yolu xətti olmasa belə artıra bilərdik. Ancaq bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirməyə lazımdır. Bu, ən qısa nəqliyyat marşrutudur. Artıq bir ildən çoxdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin daşınmasına başlanılıb. "Azərbaycan Dəmir Yolları" QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır. Bu məqsədlə İsveçrənin "STADLER Rail Group" şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözügedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilib.Testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılıb. Yoxlanış zamanı vaqonların sürət həddi 177 km/saatadək çatdırılıb. Eyni zamanda, Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaq yeni növ vaqonların istehsalına başlamağı planlaşdırır.
Beynəlxalq nəqliyyat layihələrindən əldə olunan uğurlar
Azərbaycanın, xüsusilə, önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizidir. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Ölkələr arasında mütəmadi konteyner əlaqəsinin təmin edilməsi üçün Hindistan-İran-Azərbaycan-Rusiya-Latviya multimodal marşrutu yaradılacaq. Bu marşrut "Şimal-Cənub" layihəsi çərçivəsində fəaliyyət göstərəcək. Təklif olunan logistik qərarın Hindistandan Avropaya effektiv, etibarlı və sürətli yük axınını təmin edəcəyi nəzərdə tutulur. Latviyanın logistik xidmətləri və üstünlüklərindən istifadə etməklə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində Baltika və Şimali Avropa, eləcə də, Şərqi və Qərbi Avropa regionu ölkələrinə çıxış yaranır. Bu da, bir faktdır ki, Azərbaycandan iki çox vacib beynəlxalq nəqliyyat dəhlizi keçir - Hindistan, İran, Azərbaycan, Rusiyanın şimal-qərbi və Baltik dənizi regionunu birləşdirən "Şimal-Cənub" dəhlizi, həmçinin, Yeni İpək Yoluna daxil olan Xəzər və Qara dəniz regionları arasında strateji əlaqə yaradan TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi. Azərbaycanın yükdaşımanın inkişafı baxımından əla perspektivləri var. İranla dəmir yolu xəttinin inkişafı "Şimal-Cənub" Dəhlizini möhkəmləndirəcək, artıq istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu isə "Şərq-Qərb" istiqamətini inkişaf etdirəcək.
Dəmir yolu yeni islahatlar mərhələsində
Ddəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində mühüm nailiyyətlər qazanılıb. Belə ki, Qazaxstandan 10 ədəd teplovozun alınması üçün müqavilə imzalanmışdır. Artıq teplovozların hamısı ölkəmizə gətirilib.Fransanın "Alstom Transportation S.A." şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqavilənin tərkib hissəsi kimi hal-hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. Bu yaxınlarda Belfort şəhərində "Alstom Transportation S.A." şirkətinin "Azərbaycan Dəmir Yolları" QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. Eyni zamanda, "Azərbaycan Dəmir Yolları" QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, qısa müddət ərzində, yeni yuk vaqonları ölkəmizə gətirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 noyabr 2018-ci ildə Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib. Üçmərtəbəli Sumqayıt Dəmir Yolu Vağzalının sahəsi 5,5 min kvadratmetrdir. Binada gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yaradılıb və yaxın günlərdə burada ticarət mərkəzinin istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, stansiyada 7 yol yenidən qurulub və çəkilmiş dəmir yollarının ümumi uzunluğu 5 min 20 paqonmetrdir. Kompleksdə 12 yol dəyişən quraşdırılıb, uzunluğu 43 metr olan yeraltı piyada keçidi və platformaya yeraltı çıxış keçidi inşa edilib. 29 dekabr 2018-ci ildə Bakı-Gəncə sürət qatarının təqdimat mərasimi keçirilib. Gəncə istiqamətində bu tipli müasir qatarın istismarı həm də əhalinin sosial sifarişinin ödənməsinə əhəmiyyətli təsir göstərəcəkdir. İlin payız və qış mövsümlərində sərnişinlər dəmir yolu nəqliyyatının imkanlarından daha çox yararlanırlar. Belə ki, avtomobil yollarında problemli hallar ortaya çıxdıqda, sərnişinlər daha etibarli nəqliyyat vasitəsi kimi qatarlardan istifadə edirlər. Nəhayət, istismara verilən qatarda mövcud olan şərait daha mədəni və komfortludur ki, bu da sərnişinlərin rahat yolçuluğuna şərait yaradır. Bu tipli qatarın ölkəmizdə hərəkət sisteminə daxil olması ciddi hadisədir və onun nə qədər əhəmiyyətli bir nəqliyyat vasitəsi olduğunu zaman göstərəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət" mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar "ASAN qatar" konsepsiyası reallaşdırılıb. Bakı vaqon deposunda "ASAN qatar" sisteminin tətbiqi ilə bağlı xüsusi vaqonlar hazırlanıb. Səyyar "ASAN qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla, 4 vaqondan ibarətdir. Səyyar "ASAN qatar" vasitəsilə 4 dövlət orqanı tərəfindən 9 növ xidmət göstərilir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən, "Azərpoçt" MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib.
"Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 mart 2018-ci il Sərəncamına əsasən, Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin reabilitasiyası və bərpası, elektrik təchizatı, rabitə və işarəvermə şəbəkəsinin əsaslı təmiri, yol kənarlarının mühafizə çəpəri ilə bağlanması, bəzi dəmir yolu keçidlərinin müxtəlif səviyyəli keçidlərlə əvəzlənməsi, stansiya binalarının yenidən qurulması və digər işlərin aparılması nəzərdə tutulur. Dairəvi dəmir yolunda 107 km yolun yenidən qurulması nəzərdə tutulur. Genişləndirmə işləri Bakı-sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. Əks-istiqamətdə isə, Bağlar stansiyasına, sonra Dübəndiyə qədər, həmçinin, Binə qəsəbəsi - hava limanına qədər genişləndiriləcək.
Bir sözlə, dəmir yolu nəqliyyatında islahatlar prosesi özünün sürətli inkişaf mərhələsini uğurla davam etdirir. Yaxın vaxtlarda dəmir yolu infrastrukturunda daha mükəmməl və dünya ölkələri üçün nümunə ola biləcək daha yeni uğurları və nailiyyətləri görə biləcəyik.
Cavid QURBANOV
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB