Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizi təşəbbüsünün fəal üzvüdür

Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizi təşəbbüsünün fəal üzvüdür

Prezident İlham Əliyev: "Azərbaycan daxili və ölkənin beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görür"

Məlum olduğu kimi, yanvarın 22-də İsveçrənin Davos şəhərində 49-cu Davos Dünya İqtisadi Forumu işə başlayıb. Dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin dəvət olunduğu beynəlxalq tədbirdə 1000-dən artıq qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri də iştirak edirlər.

"Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması" devizi altında keçirilən builki forumla bağlı fikirlərini bölüşən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab bildirib ki, dünyada gedən sürətli dəyişiklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir.

Onun sözlərinə görə, qloballaşan müasir dünyanın əsas problemləri builki forumun diqqət mərkəzində olacaq. Dördüncü Sənaye İnqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edirlər. Buna görə də, yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur.

Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığına çalışan Dünya İqtisadi Forumu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatdır. İllik toplantılarda bütün sektorları təmsil edən iştirakçılar həlli yollarına yönəlmiş müzakirələr aparırlar. Beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində Davos İqtisadi Forumu geniş ictimaiyyətin diqqət mərkəzində olur.

Forum öz işinə yanvarın 25-də yekun vuracaq.

Xatırladaq ki, Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu kimi tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddətdən sonra isə, müxtəlif ölkələri təmsil edən çoxsaylı iqtisadçı, biznesmen və siyasətçilərin diqqətini cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi. Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.

Sevindirici haldır ki, Azərbaycan da bu forumda ən yüksək səviyyədə təmsil olunur. Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edir. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi dairələrin elitalarının nümayəndələrilə görüşlər keçirir və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Prezident İlham Əliyev Davosa səfəri çərçivəsində müxtəlif görşlər keçirib və sessiyalarda iştirak edib.

Əlbəttə ki, Prezident İlham Əliyevin bu qədər səmərəli görüşləri keçirməsi Azərbaycana olan maraqdan irəli gəlir. Məhz forum çərçivəsində gedən müzakirələrin nəticələri bir daha Azərbaycanın uğurlarının və inkişafının göstəricisi olduğunu isbatlayır. Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda bu qədər görüşlər keçirməsi və sessiyalarda iştirak etməsi Azərbaycana olan maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir.

Qeyd edək ki, Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması dünyanın iri investorlarının diqqətini cəlb etməkdədir. Azərbaycanın bu cür üstünlükləri həm də beynəlxalq təşkilatların rəylərində də özünü göstərir. Həmçinin, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir.

Eyni zamanda, ölkəmizdə sahibkarlıq sektoruna, biznes mühitinə hər cür şərait yaradılıb. Elə, son illər ərzində, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə milyonlarla manat kreditin verilməsi göstərir ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritetidir. Məhz bu göstərilən səbəblərdəndir ki, Azərbaycan investisiya yatırılma baxımından dünyanın ən iri şirkətlərinin diqqətini cəlb edir.

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində bildirib ki, biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə, çox böyük tərəqqiyə nail olmuşuq. Lakin indi, əlbəttə ki, bizim əsas vəzifəmiz iqtisadiyyatımızı şaxələndirməkdir və neft-qazdan asılılığımızı azaltmaqdır. Bu, asan olmayacaq, çünki biz indi neft və qaz ehtiyatlarımızın işlənilməsinin aktiv inkişaf fazasındayıq. Lakin eyni zamanda, son illərdə biz, əsasən, infrastruktura sərmayə yatırmışıq. Biz çoxlu sərmayə cəlb etdik, son 15 ildə təqribən 250 milyard dollar həcmində. Dünya Bankının "Doing Business" reytinqində biz 25-ci yerdəyik. Buna görə, düşünürəm ki, neft-qaz sektorundan başqa digər sektorlara sərmayə yatırmaq üçün investorları cəlb etmək çətin olmayacaq.

Dövlətimizin başçısı İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiyada iştirakı zamanı deyib ki, müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq, əsasən, infrastruktura, yəni daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq. Biz, həmçinin, nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək: "Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz, əlbəttə ki, Çin hökumətinin "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz, artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb".

Bir sözlə ki, Davos Forumu çərçivəsində keçirilən bütün görüşlər, bildirilən fikirlər dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağını ortaya qoyur və bu fakt bir daha son dövrlər ərzində, sürətlə inkişaf edən Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsini sübuta yetirir.

Beləliklə də, keçirilən 49-cu Davos Forumu bir çox cəhətdən - həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür. Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətli inkişaf edən tərkib hissəsi kimi təqdim edilməsi və nümunə göstərilməsi aktuallıq kəsb etdi. Bu da, onu göstərir ki, hazırda Azərbaycan dünyada ciddi bir dövlət kimi qəbul edilməkdədir.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə