"Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil"
"Bu il məcburi köçkünlər üçün çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib. Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik. Əlbəttə ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var". SİA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Prezident qeyd edib ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil: "Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB