“Bakutel sərgilərinin təşkili iqtisadi hədəflərə uyğundur" AÇIQLAMA-ÖZƏL

“Bakutel sərgilərinin təşkili iqtisadi hədəflərə uyğundur" AÇIQLAMA-ÖZƏL

“Bakutel” sərgiləri İKT sahəsində istehsal olunan məhsulların təqdimatı, onların fərqli bazar iştirakçılarının diqqətinə çatdırılması kimi məsələlər çox həmiyyətlidir”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, xüsusilə də Azərbaycanda ortaya qoyulan yeni məhsulların “Bakutel” sərgilərində bazar tapması növbəti dövrlərdə İKT sahəsində istehsalın davamlılığına və eyni zamanda ixracın həcminin genişləndirməsinə geniş imkanlar yardır: “Bütün bunlar da nəticə etibarı ilə yaranan start-upların xüsusilə də növbəti mərhələlərdə öz inkişafını irəlilətməsinə ciddi təsir göstərən faktorlardır. Ona görə də belə sərgilərin keçirilməsi iqtisadi hədəflərə uyğundur”.

Azərbaycan da son 10 ildə İKT sahəsinə diqqətin artdığını deyən ekspert söyləyib ki, hazırda ölkəmizdə prioritet sahələrdən biri də İKT-dir: “İKT müasir iqtisadiyyatın əsas sektorlarındandır. Çünki, müasir iqtisadiyyatın rəqabətə davamlılığı ölçülən zaman tətbiq olunan meyarlardan biri də İKT məhsullarının payı ilə ölçülür. İKT məhsulları ciddi əlavə dəyər yükü yaratmaq imkanına malik olan məhsullar olduğundan ixracın şaxələndirilməsi, eyni zamanda keyfiyyəti ilə bağlı müqayisələr aparılarkən tətbiq olunan əsas meyarlardandır. Azərbaycanda bu istiqamətdə addımlar atılır, ötən dövr ərzində bu sahəyə ciddi vəsaitlər ayrılıb.

Eyni zamanda müxtəlif dövlət proqramları həyata keçirilməkdədir. Düzdür, hələlik İKT sahəsi Azərbaycan iqtisadiyyatında özünü tam şəkildə təmin edə bilməyib. Lakin son illər ölkəmizdə qeyri-neft sektorunun şaxələndirilməsi məsələsi kontekstində İKT həm hazırlanan Strateji Yol Xəritələri, həmçinin də digər dövlət proqramlarında əsas istiqamətlərdən biri kimi götürülüb. Bununla bağlı nəzərdə tutulan tədbirlərin mərhələli şəkildə həlli həyata keçirilir”.

R.Həsənov İKT istiqamətində müəyyən çətinliklərin olduğunu da qeyd edib: "Bu sahədə insan resursları potensialının zəif inkişaf etməsi, institutların bu istiqamətdə tam formalaşmaması, təşviq mexanizmlərinin hələlik müasir tələbələrə cavab verməməsi nəzərdə tutulan inkişaf hədəflərinə çatmaq üçün müəyyən maneələr törədir. Bildiyimiz kimi bu sahənin inkişafı uzun müddət tələb edir. Belə olan halda, bu istiqamətdə ardıcıl siyasət həyata keçirməklə istənilən nəticəni əldə etmək mümkündür. Bu imkanlar var və onlardan istifadə edərək İKT sektoruna həm maliyyə, həm fiskal öhdəliklər baxımından güzəştlər də tətbiq etməklə bu sahənin inkişafını daha da sürətləndirmək mümkündür”.

Qeyd edək ki, ötən gün Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” açılıb. Builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə