G20 sammiti nə ilə yadda qaldı? RƏY-ÖZƏL

G20 sammiti nə ilə yadda qaldı? RƏY-ÖZƏL

“G20 toplantılar hər zaman dünya ictimaiyyəti tərəfindən çox diqqətlə izlənilir. Dövlətlər arasında münasibətlərin konturları da bu görüşdən aydın görünür“. Bu fikirləri SİA-ya iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

O bildirib ki, dünyanın toplantıdan gözləntiləri ora toplaşan böyük ölkələrin iqtisadi inteqrasiyaya maraqlı olmasıdır.

Onun sözlərinə görə, ölkələr dilemmaların, əks fikirlərin az olmasını istəsə də son toplantı bunun əksini göstərir: “Son G 20 zirvəsində ABŞ və Rusiya prezidentləri arasında soyuq münasibətlər, Qərbin sanksiyalarda davamlı olacağını göstərir. Sanksiyalar regionda Rusiyanın təsirlərinin azaldılması, qonşu ölkənin enerji resurslarının dünya bazarlarına çıxarılması məsələsinə öz təsirini göstərəcək”.

Ekspert söyləyib ki, Azərbaycan geosiyasi, geoiqtisadi dəyişikliklər fonunda yaranan vəziyyətdən daha çox yararlanmalıdır: “Təbii ki, Azərbaycanın sammitdə baş verənlərin təşəbbüsü olduğu iri layihələrin icrasına necə təsir edəcəyini dərindən öyrənməlidir. TANAP, TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Ələt iqtisadi zona kimi iri beynəlxalq layihələr həyata keçirən Azərbaycan onların gələcəyinin təminatının qurulması üçün məhz qlobal və regional dəyişiklikləri yaxından izləməli, diqqətdə saxlamalıdır”.

Sammitin dünya bazarında neftin gələcək taleyinə təsirinə gəlincə R. Atakişiyev vurğulayıb ki, hazırda neftin qiymətinin dəyişməsi iqtisadi maraqlardan çox siyasi maraqlara xidmət edir: “Bir müddət bundan öncə neft qiymətinin qalxması, daha sonra isə ABŞ Səudiyyə Ərəbistanı münasibətlərinin yaxşılaşması fonunda yenidən qiymətlərin aşağı saxlanılması buna bariz nümunədir. Son dövrlər neftlə bağlı məsələyə iqtisadi tələb, təklifdən baxılmır. Artıq müəyyən siyasi təzyiqlər nəticəsində hər hansı ölkədə özləri ixracatçı olduqları halda, daha çox ixrac edərək, qiymətlərin aşağı düşməsində həmlələr edirlər”.

Ekspert əlavə edib ki, hər bir ölkə G20 sammitindən özü üçün dividentlər qazanmağa çalışır: “ Amma ümumilikdə götürdükdə bu zirvə toplantısı proseslərə böyük təsir etmək gücünə malik deyil. Çünki, proseslər ssenari əsasında həyata keçirilir ki, bu sammit həmin planların üzə çıxarılması üçün vasitədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə