Azərbaycan şərabçılığı şöhrətini qaytarır

Azərbaycan şərabçılığı şöhrətini qaytarır

Müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son 15 illik tarixi, bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Bütün sahələrdə olduğu kimi, dövlət başçısının sərəncamları əsasında qeyri-neft sektorunun dinamik inkişafı ilə bağlı reallaşan tədbirlər də öz nəticəsini verir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar bu sahənin inkişafına yönəlib. Artıq kənd təsərrüfatı sahələrində, pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün və s. inkişafı ilə bağlı kifayət qədər nəticələr əldə olunub. Bu statistik göstəricilərdə belə əksini tapıb.

Son illərdə əhalinin ərzaq məhsullarına tələbatının davamlı şəkildə ödənilməsi məqsədi ilə qəbul edilmiş dövlət proqramlarının icrası, aqrar sahənin ixracyönümlü məhsullarının istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər də ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub. Azərbaycan Respublikası Prezidentinin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dövlət dəstəyi haqqında" Sərəncamı, "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı" və s. bu sahənin inkişafına yeni yollar açıb. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulması da bu sahəyə göstərilən diqqətin daha bir nümunəsidir.

Aqrar-sənaye kompleksinin ən rentabelli və ən qədim sahələrindən biri də üzümçülük və şərabçılıqdır. Şərabçılıq tarixən ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə vermiş və aparıcı sahələrdən biri olmuşdur. Azərbaycan şərabları əla keyfiyyətinə görə şöhrət qazanmışdır. Statistik məlumatlar göstərir ki, keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu və şərabçılıq məntəqələri sistemində 151 mindən artıq fəhlə və mütəxəssis işləyib, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilirdi.

Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün son illərdə yaradılmış əlverişli şərait, onlara müvafiq dəstəyin gücləndirilməsi, o cümlədən, müəyyən edilmiş güzəştlər və subsidiyalar, bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu il yanvarın 1-dək torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə üzümçülüyün və şərabçılığın inkişafına təkan vermişdir. Ölkədə şərabçılığın davamlı inkişafının təmin edilməsi, o cümlədən, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi, potensial imkanlardan səmərəli istifadə edilməsi, həmçinin, şərab istehsalına və ixracına marağın artırılması məqsədilə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı" hazırlanmışdır.

Dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək üzümçülüyün və şərabçılığın inkişafına yeni yollar açıb. Görülən işlərin nəticəsi olaraq, artıq Azərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən "VI Çin-Avrasiya" Sərgisində mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə qabaqcıl şərab istehsalçılarımız dünyanın nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən "İnternational Wine Challenge" müsabiqəsi çərçivəsində "Şanxay Beynəlxalq Şərab Yarışı"nda iştirak edib. Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb. Azərbaycan iqtisadiyyatının səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi çərçivəsində qeyri-neft sektorunun inkişafının təmin edilməsi məqsədi ilə görülən işlər öz bəhrəsini verir. Aqrar-sənaye kompleksinin ən rentabelli və ən qədim sahələrindən biri olan şərabçılıq ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək və öz şöhrətin qaytaracaqdır.

Bütün bunlar, həyata keçirilən islahatlar, dövlət proqramlarının icrası balanslaşdırılmış sosial-iqtisadi siyasətin təzahürüdür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə