Qubad İbadoğlu: “Qiymət artımına ən çox təsir göstərən amil idxal məhsullarına qeyri-rəsmi tətbiq olunan ödənişlərdir”

Qubad İbadoğlu: “Qiymət artımına ən çox təsir göstərən amil idxal məhsullarına qeyri-rəsmi tətbiq olunan ödənişlərdir”

"Qiymət artımları noyabr ayı, ümumilikdə il üçün inflyasiya gözləntilərimizə təsir göstərib". SİA-ya açıqlamasında bu sözləri deyən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu son vaxtlar baş verən qiymət artımlarının inflyasiya göstəricinə təsirindən danışıb.

 

Verdikləri proqnozlarla əldə edilən nəticələri müqayisə etdiklərini deyən mərkəz rəhbəri bildirib ki, bu il üçün İTM-in proqnozlaşdırdığı inflyasiyanın həddi 8,3 faiz idi. Ancaq mövcud qiymət artımı nəticəsində daha yüksək inflyasiyanın gözlənildiyini deyən Q.İbadoğlu söyləyib edib ki, ötən ilin noyabr ayının göstəriciləri ilə bu ilin müvafiq dövrünü müqayisə etdikdə 10,18 faizlik göstərici qeydə alınıb: "Gözləntilərimizin əksinə olaraq inflyasiya daha yüksək sürətlə baş verməkdədir. Yay aylarında gözləntilərimiz var idi ki, inflyasiya olmayacaq və bir çox məhsulların qiyməti aşağı düşəcək. Gözləntilərimizi yalnız may və iyun aylarında görə bildik. Amma ümumilikdə il ərzində inflyasiya göstəricisi yüksək olub. Ən yüksək inflyasiyanı 2,75 faizlə noyabr ayında qeydə aldıq. Bu isə ilin yekun inflyasiya göstəricisinə də əhəmiyyətli dərəcədə təsir göstərir".

 

Məlumdur ki, əksər hallarda müstəqil iqtisadi mərkəzlərin proqnozlaşdırdığı və qeydə aldığı inflyasiya göstəriciləri Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərlə eynilik təşkil etmir. Q.İbadoğlu bu məsələyə də münasibət bildirib. O, vurğulayıb ki, indiyə kimi İTM və Dövlət Statistika Komitəsinin açıqladığı inflyasiya rəqəmləri arasında 2-3 faiz fərq olub. Noyabr ayında bu fərqin artdığını deyən Q.İbadoğlu bildirib ki, bu ayda qiymətlər gözləntilərdən daha yüksək olub: "Artan qiymətlər vətəndaşların istehlak səbətində əhəmiyyətli dəyişiklik edib. Çörək və çörək məhsullarının qiymətində noyabr ayının yekunlarına görə, əvvəlki ayla müqayisədə 16,77 faiz bahalaşma müşahidə olunub. Bulkada 7,35, peçenyedə 7,25, günəbaxan yağında 8,35 faiz bahalaşma qeydə alınıb. Bəzi məhsullar isə ucuzlaşıb. Bütün bu dəyişiliklər isə noyabr ayı, ümumilikdə il üçün inflyasiya gözləntilərimizə təsir göstərib".

 

Neftin qiymətinin 100 dolları keçəcəyi və bunun daxili bazara təsirləri ilə bağlı iqtisadi ekspertlərin fikirlərinə toxunan Q.İbadoğlunun fikrincə, bunun baş verməsi daxili bazarda müəyyən psixoloji təsirlərə gətirib çıxaracaq: "Neftin qiymətində artım və bunun nəticəsində dövlət büdcəsinin artımı qiymət artımına təsir edən amillərdən hesab oluna bilər. Qiymət artımına ən çox təsir göstərən isə əhalinin gözləntiləri və idxal məhsullarına qeyri-rəsmi tətbiq olunan ödənişlərdir. Bu ödənişlər qiymətlərin artmasına ciddi təsir göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə