Muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb

Muxtar respublikada tikinti-quruculuq işləri geniş vüsət alıb

Bu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 66,1 milyon manatlıq inşaat işləri yerinə yetirilib. Bunun da 63,5 milyon manatını və ya 96,1 faizini yalnız tikinti-quraşdırma işləri təşkil edib. Bu faktlar Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyində keçirilən kollegiya iclasında çıxış edən muxtar respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov tərəfindən səsləndirilib.

Hicran Rüstəmov qeyd edib ki, bu ilin ilk 6 ayı ərzində Naxçıvan şəhər Qaraxanbəyli kəndində 480, Şərur rayon Ərəbyengicə kəndində 208, Culfa rayon Dizə kəndində isə 234 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan Müəllimlər İnstitutu binasının isə yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin, Naxçıvan Şəhər Tibb Kollecinin, Naxçıvan Şəhər Polis Məktəbinin, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin, Şərur rayon Kosacan, İbadulla, Kərimbəyli, Babək rayon Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayon Qazançı, Ordubad rayon Dəstə kəndlərində yerləşən məktəb binalarının tikintisi və ya yenidənqurma işləri isə davam etdirilir.

Komitə sədri bildirib ki, cari ilin ilk 6 ayında Naxçıvan şəhər “N” hərbi hissədə xəstəxana, Şərur rayon Ərəbyengicə kəndində həkim ambulatoriyası binasının tikintisi və Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası binasının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Naxçıvan Qarnizonunun hərbi xəstəxanası, Şərur şəhərində Uşaq Poliklinikası, Şərur rayonunda İbadulla, Kərimbəyli, Babək rayonunda Aşağı Buzqov, Ordubad rayonunda Dəstə kəndlərində həkim ambulatoriyası binalarının tikintisi və ya yenidən qurulması həyata keçirilir.

“Hesabat dövründə Culfa rayonunun Dizə, Şərur rayonunun Ərəbyengicə kəndlərində inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin binalarının tikintisi, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin inzibati binasının isə yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib. Şərur rayonunun Ərəbyengicə və Culfa rayonunun Dizə kəndlərində xidmət mərkəzi binalarının tikintisi tamamlanıb” – deyən Hicran Rüstəmov diqqətə çatdırıb ki, Şərur rayonunun İbadulla, Kosacan, Kərimbəyli, Culfa rayonunun Qazançı, Babək rayonunun Yuxarı Buzqov, Aşağı Buzqov, Ordubad rayonunun Dəstə kəndlərində xidmət mərkəzlərinin tikintisi işləri isə davam etdirilir.

Sonra iclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, hesabat dövründə Şərur rayonunda asfalt-beton zavodunun quraşdırılması başa çatdırılıb. Naxçıvan-Sədərək avtomobil yolunda, həmçinin muxtar respublikanın rayondaxili avtomobil yollarında cari təmir, şəhərdaxili avtomobil yollarında isə asfalt-beton işləri görülüb, kənddaxili yollarda yenidənqurma işləri aparılıb.

Sonra digər çıxışlar dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə