ARDNŞ-da Argentina nümayəndə heyəti ilə görüş keçirilib

ARDNŞ-da Argentina nümayəndə heyəti ilə görüş keçirilib

ARDNŞ-da Argentina xarici işlər nazirinin müavini Alberto Pedronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov Azərbaycanda neftçıxarma işinin qədim tarixindən danışmış, qonaqlara son dövrdə ölkənin enerji sektorunda həyata keçirilən işlər və qazanılmış uğurlar barədə ətraflı məlumat verib.

O, 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" ilə start götürən genişmiqyaslı işlərdən bəhs edib. David Məmmədov "Azəri-Çıraq-Günəşli" neft, "Şahdəniz" qaz-kondensat yataqlarının işlənməsi üzrə həyata keçirilən layihələrin rolunu xüsusi olaraq qeyd edib.

D. Məmmədov ARDNŞ-nin artıq ən mürəkkəb neft-qaz əməliyyatlarının öhdəsindən layiqincə gəldiyini bildirib.

Daha sonra çıxış edən Argentina xarici işlər nazirinin müavini A. Pedro səfər zamanı Azərbaycanda gördüyü inkişafdan, xüsusən ARDNŞ-nin əldə etdiyi nailiyyətlərdən məmnun qaldığını bildirib. O, ölkəsində fəaliyyət göstərən neft-qaz şirkətləri barədə ətraflı məlumat verdikdən sonra, yataqların istismarı və boru kəmərlərinin təchizatı sahəsində ixtisaslaşan Argentina şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıq qurmaq istəklərini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə