“Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır və Avropanın enerji təhlükəsizliyinə aid bir layihədir
Əhəmiyyətinə görə dünyada ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması istiqamətində Azərbaycan yeni bir dövrə qədəm qoyur. "Cənub Qaz Dəhlizinin" birinci hissəsinin açılışı məhz həmin dövrün başlanğıcı hesab olunur. “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP kimi üç böyük layihəni özündə birləşdirir və başlanğıc, daha doğrusu mənbə isə "Şahdəniz-2"-dir. Bütün işlərə ümumilikdə 40 milyard dollar həcmində vəsait qoyuluşu tələb olunur ki, bu da sadalanan layihələrin iri həcmli olduğunu təsdiq edir.
Xatırladaq ki, ilk qaz müqaviləsi 1996-cı ilin 4 iyun tarixində “Şahdəniz” yatağı üzrə imzalanıb. “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin istifadəyə verilməsi ilə isə Azərbaycan ilk dəfə 11 il bundan qabaq, yəni 2007-ci ildə qaz ixrac etməyə başlayıb. Avropada o vaxtlar enerji təhlükəsizliyi məsələsi aktual olmadığı üçün hər hansı yeni qaz layihəsi maraqlı deyildi və rentabelli hesab edilməzdi. Lakin Azərbaycan həmin o zamanda “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəməriylə ilk addımını atdı və bu addım, ölkəmizin gələcəkdə böyük qaz ixracçısı kimi tanınmaq istəyinin əsası sayılır.
Xüsusilə qeyd etmək lazımdır ki, “Şahdəniz-2”-yə stimul yaradan əsas hadisə 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu oldu. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşu üçün əsas isə 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında TANAP - Trans-Anadolu Boru Kəmərinin çəkilməsinə dair tarixi sazişin imzalanması oldu. Bütün bunların ardınca 2014-cü ildə GQBK ilə bağlı Bakıda təməlqoyma mərasimi keçirildi, 2015-ci ildə isə Türkiyənin Qars vilayətində TANAP-ın özülü atıldı. Bildiyimiz kimi, Cənubi Qafqaz Boru Kəmərinin təməlinin qoyulması TANAP üçün əsas yaratdı. Eyni zamanda TANAP da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi.
“Cənub Qaz Dəhlizi” sayca hələ ki 7 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir və Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya olmaqla daha 3 Balkan ölkəsinin də bu sıraya qoşulacaqları labüd hesab edilir. Yəni, bu o deməkdir ki, Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq.
Artıq “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi açıldı və Prezident İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə saldı. . Gələn ayın 12-də isə iki ölkə prezidentinin iştirakı ilə Türkiyənin Əskişəhərində TANAP-ın istifadəyə verilməsinin rəsmi açılışı olacaq və TANAP üzrə ilk qazın ötürüləcəyi iyunun 30-da reallaşacaq. Nəzərdə tutulur ki, ilin sonuna qədər sözügedən kəmər vasitəsilə 1 milyard kubmetr qaz ixrac olunacaq. Bu gedişlə, hətta yaxın gələcəkdə Azərbaycan qazının Avropa ölkələrinə nəzərdə tutulan vaxtda nəql edilməsi də mümkün olacağı belə şübhə doğurmur.
“Cənub Qaz Dəhlizi” böyük strateji infrastruktur layihəsidir və bu layihə gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır və onlar bu həqiqəti yaxşı başa düşürlər. Doğrudur, Azərbaycanın bütövlükdə mövcud qaz resursları yalnız “Şahdəniz-2”dən ibarət deyil və “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” və sair kimi başqa yataqlarımız da var. Bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrdir və “Şahdəniz”də bunun təkcə 1,2 trilyonu yerləşir. “Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətinin 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacağı nəzərdə tutulub.
“Şahdəniz” yatağının hər iki mərhələsini nəzərə aldıqda gəlirlərimizin 100 milyard ABŞ dollarından çox olacağı proqnozlaşdırılır. Gəlirlər hətta bundan da çox ola bilər və bu mənada hətta bunu indi dəqiq söyləmək də mümkün deyil. Eyni zamanda orta və uzaq perespektivdə Azərbaycan özü belə həmçinin Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi də çıxış edə bilər. Əslində ən vacib hədəflərdən biri də elə budur.
Bu baxımdan, Cənab İlham ƏLiyev də təsadüfən qeyd etmədi ki, hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr və istehlakçı ölkələr, - hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar, - onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam şəkildə təmin ediləcək. “Yəni, maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasətimizlə bağlı yanaşmamız məhz bundan ibarətdir.” – deyə, Cənab Prezident açılış mərasimində vurğulayıb.
“Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və məhz buna görə də onun işlənməsi Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə desək, enerji təhlükəsizliyi məsələsi hər iki tərəf arasında əməkdaşlığın mühüm tərkib hissəsini təşkil edir. Çünki enerji resurslarının şaxələndirilməsi işində “Cənub Qaz Dəhlizi” çox önəmli layihədir. Bu layihədə həm mənbələr, həm də marşrutlar üzrə şaxələndirmə mövcuddur. Dövlət başçısının, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır. “Cənub Qaz Dəhlizi”Avropanın enerji təhlükəsizliyinə aid bir layihədir və burada bütün tərəflərin maraqları var və bu maraqlar arasında balans əslində, yüksək dəqiqliklə gözlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB