İlham Əliyev: "Ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir"
"Ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilmişdir, Xızıda da həmçinin". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdəki çıxışında deyib.
Dövlət başçısı bildirib ki, rayonda 10-na yaxın məktəb tikilmişdir, infrastrukturla bağlı olan digər layihələr icra edilir, qazlaşdırma 90 faizdən çoxdur: "Demək olar ki, artıq bütün yaşayış məntəqələri qazla təmin olunub. Əminəm ki, gələcək dövrdə Xızıda qazlaşdırma 100 faizə çatacaq. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Əksinə, indi Xızı rayonu bizim ümumi enerji sistemimizi böyük həcmdə elektrik enerjisi ilə təmin edəcək. Yeni Yaşma Külək Elektrik Stansiyası artıq fəaliyyətə başlayır, yoldan keçəndə də bunu görmək mümkündür. Kənd yolları salınır. Bu gün bir yolun açılışını qeyd edəcəyik. Mənə verilən məlumata görə, kənd yollarının 50 faizi yenidən qurulub və ya əsaslı təmir olunub".
Prezident xüsusi olaraq qeyd edib ki, Xızı rayonunun sosial-iqtisadi inkişafı uğurla gedir: "Ümid edirəm ki, gələcək illərdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Çünki Taxtakörpü su anbarının tikintisi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması nəticəsində bütövlükdə bu bölgədə 30 min hektar torpaq sahəsi su ilə təmin ediləcəkdir. Bunun 12 min hektarı Xızı rayonunun payına düşür - 9 min hektar yeni suvarılan sahələr olacaq, 3 min hektar isə su verilmiş, ancaq kifayət qədər olmamış sahələrdir. Son məlumata görə, bu 9 min hektar yeni suvarılacaq torpaqlardan 3 min hektarı artıq suvarma suyu ilə təmin edilib. Əlbəttə, biz gözləyirik ki, Xızı rayonunda kənd təsərrüfatı sürətlə inkişaf etsin. İndi yol ilə gələndə gördüm ki, müasir suvarma sistemləri də qurulur, sahələr pivot suvarma üsulu ilə suvarılır. Beləliklə, həm məhsuldarlıq artacaq, həm də yeni sahələrin dövriyyəyə cəlb edilməsi nəticəsində yeni iş yerləri yaradılacaq. Buna görə mən Xızı rayonunun gələcək inkişafını çox müsbət görürəm, böyük nikbinliklə baxıram. Rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülüb. Yollar, elektrik enerjisi, qaz xətləri, indi içməli su, xəstəxana. Bildiyiniz kimi, bir neçə ildir ki, ölkəmizdə kütləvi müayinədən keçmə kampaniyası aparılır, hər il 5 milyondan çox insan dövlət hesabına müayinədən keçir və belə gözəl xəstəxanalarda bunu etmək mümkün olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB