Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendi altında qeyri-neft məhsullarının istehsalının və ixracının təşviqidir. Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanmağa başlayıb. Məhsullarımızın xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün atılan praktik addımlar öz müsbət nəticəsini verməkdədir. Ötən il “Made in Azerbaijan” brendi ilə 3179 çeşiddə məhsulun ixracı bunu deməyə əsas verir.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə artıb. İlin ilk ayı ərzində 36,8 milyon dollar məbləğində qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib. Bundan başqa, Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11,3 milyon və Çinə 4,4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb. Bu siyahıda ikinci yeri xurma, üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen tutub. Ümumiyyətlə, yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3,6 milyon dollar olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.
2018-ci ilin yanvar ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk-telekommunikasiya xidmətləri də ixrac edilib. Cari ilin ilk ayında "Azərkosmos" ASC peyk- telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 423 min dollar məbləğində gəlir əldə edilib. “Azərkosmos” ASC-nin yanvar ayında xidmət ixracı, əsasən, BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.
Yanvar ayı ərzində “Azexport.az” portalına daxil olan ixrac sifarişləri 81,5 milyon dollar olub. 2017-ci ilin yanvar ayından bu ilin 31 yanvar tarixinə kimi portala dünyanın 78 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 556,6 milyon dollar təşkil edib. 2018-ci ilin yanvar ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya, Türkiyə, Ukrayna, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə, məlum olub ki, cari ilin yanvar ayında ən çox ixrac sifarişi şərab, çay, fındıq ləpəsi, pomidor şirəsi, nar, nar konsentratı və alma olub. Həmçinin, lobya, toyuq yumurtası, dekorativ güllər, kosmetik vasitələr, quru süd, dekorativ qurğular, qənnadı məhsulları, meyvə cemi, biyan kökü, mebel dəsti, mühərrik yağı, velosiped, pambıq yağı, boya məhsulları, pambıq toxumu (çiyid), kərpici və s. mallara da sifariş daxil olub. Bu ilin ilk 2 ayında Azərbaycandan 217 min 283 ton neft məhsulları, 398 milyon 840 min kilovat/saat elektrik enerjisi, 10 min 568 ton kimya sənayesi məhsulları, 205 milyon 48 min kubmetr təbii qaz, 3 milyon 648 min 802 ton xam neft ixrac edilib.
İxrac edilən neft məhsullarının dəyəri 107 milyon 7 min dollar, kimya sənayesi məhsullarının dəyəri 6 milyon 623 min dollar, elektrik enerjisinin dəyəri 20 milyon 290 min dollar, təbii qazın dəyəri 29 milyon 428 min dollar, xam neftin dəyəri isə 1 milyard 827 milyon 303 min dollar olub.
İqtisadi inkişaf strategiyası, modernləşmə xəttinə əsaslanmaqla, tam innovativ yönümdə həyata keçirilən Azərbaycanda çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində böyük layihələr həyata keçirilir. Bunlardan biri də fevral ayında təqdim edilən online vahid ixrac ərizəsidir. Dünyada ilk dəfə olaraq, Azərbaycanda təqdim olunan bu xidməti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Rəqəmsal Ticarət Qovşağı və “Azexport” portalı vasitəsilə həyata keçirəcək.
Sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurmaqla, məhsullarını daha asan ixrac edə biləcəklər. Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə, ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir.
Bir sözlə, görünən odur ki, Azərbaycanda Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində, özəl sektorun inkişafı daha da sürətlənib, ixrac coğrafiyası daha da genişlənib.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB