Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun işçiləri maarifləndirilir

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun işçiləri maarifləndirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) müasir standartlara cavab verən çevik, rəqabətədavamlı beynəlxalq şirkətə çevrilməsi istiqamətində Şirkətin ayrı-ayrı idarə və müəssisələrində gərgin iş aparılır, beynəlxalq sertifikatlaşdırma qurumları, dünya maliyyə institutları və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilir. Bir çox strukturlarda olduğu kimi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda da təhlükəsiz iş yerlərinin və sağlam əmək şəraitinin yaradılması, işin keyfiyyətinin artırılması, dünya səviyyəsinə uyğunlaşdırılması məqsədilə beynəlxalq standartların tətbiqi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidməti tərəfindən menecment sistemlərinin özəlliklərini daha aydın açıqlamaq məqsədi ilə işçilərin maarifləndirilməsi təşkil edilib, keyfiyyəti idarəetmə sistemi üzrə ISO EN-9001:2000, ekologiya idarəetmə sistemi üzrə ISO EN – 14001 və işçilərin sağlamlığı və təhlükəsizliyi idarəetmə sistemi üzrə İSO OHSAS - TS 18001 beynəlxalq idarəetmə sistemlərinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq işçilər ətraflı məlumatlandırılıb.

Türk Standartları İnstitutunun mütəxəssisləri tərəfindən Zavodun işçi personalının beynəlxalq idarəetmə sistemlərini daha dərindən mənimsəməsi üçün kurslar təşkil edilib, tematik treninqlərdə sistemlərin tətbiq edildiyi proseslərin incəlikləri mütəxəssislərə izah edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə