Azərbaycan şirkəti “Şimal–Cənub” magistral qaz kəməri ilə bağlı beynəlxalq tenderin qalibi olub

Azərbaycan şirkəti “Şimal–Cənub” magistral qaz kəməri ilə bağlı beynəlxalq tenderin qalibi olub

Azərbaycanın "Oil and Gas Contraction Trust" şirkəti "Şimal-Cənub" magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin yenidən qurulmasında istifadə olunacaq boru kəmərləri və avadanlığın təchizatı ilə bağlı Millennium Challenge Georgia Fondu tərəfindən keçirilən beynəlxalq tenderin qalibi olub. SİA-nın məlumatına görə, tenderin şərtlərinə əsasən, Azərbaycan şirkəti 120 gündə 6 milyon ABŞ dolları məbləğində lazımi boru kəmərlərini və avadanlığı tədarük etməlidir.

Gürcüstan mətbuatının yaydığı xəbərə görə, müsabiqədə "Oil and Gas Contraction Trust" ilə yanaşı, İsveçrənin "Stemcor" və Gürcüstanın "New Energy" şirkətləri də iştirak ediblər. Lakin tələb olunan şərtlərə yalnız Azərbaycan şirkəti cavab verib.

"Şimal-Cənub" magistral qaz kəmərinin bərpasının yeni fazası ABŞ-ın Millennuim Challenge proqramı çərçivəsində 2008-ci ildə Gürcüstana verdiyi 100 milyon dollar məbləğində qrantın bir hissəsi hesabına maliyyələşdiriləcəkdir. Ümumiyyətlə, 2006-2009-cu illərdə kəmərin 22 zədələnmiş hissəsi bərpa olunub.

"Şimal-Cənub" magistral qaz kəməri 1970-ci illərdə tikilib. Ümumi uzunluğu 340 kilometr olan kəmər vasitəsilə Rusiyadan Gürcüstana və Ermənistana təbii qaz nəql edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə