“Yaşıl çay” fermer təsərrüfatında budama işlərinə start verilib

“Yaşıl çay” fermer təsərrüfatında budama işlərinə start verilib

“Yaşıl çay” fermer təsərrüfatı MMC-də yeni məhsul ilinə ciddi hazırlıq görülür. SİA-nın məlumatına görə, fevral ayının 17-dən başlayaraq təsərrüfarda çay kollarının budanmasına start verilib. Ümumilikdə 70 hektar mövcud çay plantasiyasının 61 hektarında budama işlərinin aparılması nəzərdə tutulur. 41 hektar məhsul verən plantasiyalarda normal şərtlərlə, 20 hektar cavan çay sahələrində isə yüngül formada budama işləri aparılacaq.

Təsərrüfatın rəhbəri Araz Yağubov deyir: ” Məlum olduğu kimi fevralın 12-də Prezident İlham Əliyev tərəfindən “Çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.Dövlətimizin bu qayğısı bizi daha yaxşı işləməyə ruhlandırıb. Havaların əlverişli keçməsindən istifadə edərək biz bu il budamanı daha erkən başlamışıq. Çay plantasiyalarında kolların budanması aqrotexniki qulluğun ilkin mərhələsi hesab olunur. Daha çox məhsul əldə etmək üçün budamanın keyfiyyətli aparılması da vacib şərtlərdəndir. Bununla yeni yarpaqların cücərməsi prosesi sürətləndirilir və bol məhsulun əsası qoyulur. Məhsul yığımına isə hava şəraitindən asılı olaraq may ayının əvvəlindən başlanacaq.”

Qeyd edək ki, “Yaşıl çay” FT MMC-də ilk dəfə 2015-ci ildə seçmə üsulu ilə yaşıl çay yarpağı yığımına başlanıb. 2017-cı ildə 41 hektar çay plantasiyasından 23 tondan çox yüksək keyfiyyətli yaşıl çay yarpağı toplanıb. Təsərrüfatın emal sexində 16 növdə yüksək keyfiyyətli çay məhsulu istehsal edilir. A.Yağubov əlavə edib ki, bu il ötən ildən daha çox məhsul toplanması üçün hər cür şərait yaradılıb. Bol məhsul təsərrüfatın gəlirlərinin artması, yeni iş yerlərinin yaradılması və işçilərin rifah halının daha da yüksəlməsi deməkdir.

Əlavə edək ki, təsərrüfatda cari ilin payızında yeni çay plantasiyalarının salınması və mövcud sahələrdə təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə