Azərbaycan dünyada ən sürətlə inkişaf edən və müasirləşən dövlətlər sırasında dayanır- AÇIQLAMA

Azərbaycan dünyada ən sürətlə inkişaf edən və müasirləşən dövlətlər sırasında dayanır- AÇIQLAMA

Bilirsiniz ki, 2016-ci ildə keçirilən Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə ölkəmizdə Prezidentin fəaliyyət müddəti 5 ildən 7 ilədək artırılıb. Əlbəttə, bu, Azərbaycan dövlətçiliyi tarixində yeni bir mərhələ olmaqla, ölkəmizdə idarəetmənin daha da təkmilləşdirilməsinə, həyata keçirilən islahatların daha uğurlu nəticələr verməsinə şərait yaradacaq. Bu yeni mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiya ilə ona verilmiş hüquqdan istifadə edərək, bu il aprel ayının 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib". Bunu SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova deyib.

O qeyd edib ki, seçkilərin tarixinin daha əvvələ təyin olunması Azərbaycan dövlətinin qarşısında duran mühüm məsələlərin həyata keçirilməsinə, Prezidentin bəyan etdiyi islahatlar kursunun daha da uğurlu reallaşdırılmasına xidmət edir.

Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasını şərtləndirib: “Azərbaycan dünyada ən sürətlə inkişaf edən və müasirləşən dövlətlər sırasında dayanır. Bu inkişaf isə yeni çağırışları və gerçəklikləri ortaya çıxarır ki, Azərbaycan dövləti də bu çağırışlara uyğun siyasi kurs həyata keçirir”.

Sahibə Qafarovanın sözlərinə görə, seçkilərin tarixinin dəyişdirilməsi həm də Azərbaycanda keçiriləcək çox mühüm tədbirlərlə əlaqədardır. May ayından başlayaraq Azərbaycanda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər, Parlamentin, Milli Ordumuzun 100 illiyi ilə bağlı tədbirlər, ilin sonunda beynəlxalq forumun keçirilməsi və digər mühüm tədbirlər də ciddi hazırlıq və təşkilatçılıq tələb edir.

Ona görə də, millət vəkili hesab edir ki, Prezident İlham Əliyev ölkə Konstitusiyasına, qanunvericilik bazasına söykənərək ən doğru qərarı verib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə