Mövqeyimizin yaxşılaşması İlham Əliyev siyasətinin nəticəsidir AÇIQLAMA

Mövqeyimizin yaxşılaşması İlham Əliyev siyasətinin nəticəsidir AÇIQLAMA

"Son illərdə beynəlxalq nüfuzu kifayət qədər yüksək olan Davos Dünya İqtisadi Forumu Azərbaycanla uğurlu əməkdaşlıq platformasına çevrilib. Ölkəmizlə qurum arasında əlaqələr ardıcıl xarakter daşıyır və milli maraqlarımıza tam cavab verir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahibə Qafarova deyib.

Dünya İqtisadi Forumunun növbəti indeksi üzrə ölkəmizin yüksək yer tutmasına münasibət bildirən millət vəkili hesab edir ki, bu, böyük uğur olmaqla yanaşı, iqtisadi və sosial əsaslara söykənir”. Onun sözlərinə görə, Azərbaycan Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub: “Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. "Dünya İqtisadi Forumunun bu reytinqlərində Azərbaycanın mövqeyinin yaxşılaşması Prezident İlham Əliyev siyasətinin nəticəsidir", deyən millət vəkilinin sözlərinə görə, bu iqtisadi forumda ölkə başçısının keçirdiyi görüşlər, forum çərçivəsində keçirilən interaktiv iclaslarda çıxışları, dünyanın aparıcı iş adamları və mühüm qurumların rəhbərləri ilə birbaşa ünsiyyəti olduqca mühüm əhəmiyyətə malikdir. Çünki bu görüşlərdə Azərbaycan reallıqlarının dolğun təqdim olunması, ölkəmizin investisiya mühitinin etibarlılığı ilə bağlı əhatəli məlumatın verilməsi üçün əsaslı imkanlar yaranır.

Sahibə Qafarova hesab edir ki, Prezident İlham Əliyev bu imkanlardan məharətlə faydalanaraq Azərbaycan dövlətinin iqtisadi, siyasi və geopolitik proritetləri haqqında dolğun məlumat verib. Prezident İlham Əliyev ölkəmizdə ardıcıl islahatlar kursunun reallaşdırılması ilə sosial-iqtisadi sahədə dinamik inkişaf göstəricilərinə nail olan, eyni zamanda, özünün və tərəfdaşlarının mənafeləri nəzərə alınmaqla həyata keçirdiyi balanslaşdırılmış siyasət sayəsində beynəlxalq nüfuzu, regional və qlobal müstəvidə gedən proseslərə təsir etmək imkanları getdikcə artan Azərbaycanın uğurlarını, müsbət mənzərəsini dolğun şəkildə təqdim edib: "Bir sözlə Dünya İqtisadi Forumu Azərbaycan üçün olduqca əhəmiyyətlidir və bu forum Azərbaycanın mühüm beynəlxalq iqtisadi qurumlarla əməkdaşlığının güclənməsi, ölkəmizə daha böyük həcmdə investisiyaların cəlb olunmasına töfhə verəcəkdir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə