“Petkim” Təşkilati Resursların Planlaşdırma Layihəsinə qoşuldu

“Petkim” Təşkilati Resursların Planlaşdırma Layihəsinə qoşuldu
Türkiyənin informasiya texnologiyaları və rabitə sektoru şirkəti olan "KoçSistem" bu ölkənin qabaqcıl neft-kimya şirkəti "Petkim"də Təşkilati Resursların Planlaşdırma Layihəsini həyata keçirməyə başlayıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Əliağa kompleksində "Petkim"in nəzdindəki 22 müəssisənin bütün iş proseslərinin eyni anda SAP sisteminə keçirilməsini nəzərdə tutan bu əhəmiyyətli layihənin təqdimatı keçirilib. Toplantıda "SOCAR-TURGAS" birgə müəssisəsinin icraçı direktoru və "Petkim" İdarə heyətinin üzvü Kənan Yavuz, "Petkim"in ixrac direktoru Həyati Öztürk, "Koç Holding" İdarə Heyətinin üzvü Əli Y. Koç, "Koç Məlumat qrupu"nun baş direktoru Məmməd Nalbantoğlu və hər iki şirkətin digər rəhbər nümayəndələri iştirak diblər.

Mətbuat konfransında çıxış edən "SOCAR-TURGAS" birgə müəssisəsinin icraçı direktoru və "Petkim" İdarə heyətinin üzvü Kənan Yavuz bildirib ki, "SOCAR-TURGAS" qrupunun "Koç Sistem" ilə birlikdə 2009-ci ilin avqust ayından Təşkilati Resursların Planlaşdırma Layihəsi üzərində başladığı işlər uğurla sona çatdırılıb. K.Yavuz vurğulayıb ki, "KoçSistem"dən 35, "Petkim"dən isə 40 nəfərlik personal 13 ay ərzində bu layihə üzərində çalışıb. "Petkim" bu layihəyə 7 milyon dollarlıq sərmayə qoyub. Layihənin əhəmiyyətli xüsusiyyəti şirkətin bütün department və funksiyalarını vahid sistem daxilində birləşdirilərək işlənilməsidir. O qeyd edib ki, 2004-ci ildə başlanılan yenidənqurma və rekonstruksiya proseslərinin ən əhəmiyyətli hissəsilərindən birinin tamamlanması böyük uğurdur və "Petkim"in 2040-cı ilə aparan yolda əhəmiyyətli addımı sayılmalıdır. "Bu layihə 12 modulun eyni anda sistemə qoşulması ilə Türkiyədə reallaşan ən əhatəli ERP layihəsidir" – deyən "Petkim"in baş direktoru Həyati Öztürk petrokimya sahəsində Türkiyənin yeganə yerli istehsalçısı olaraq müştərilərinə keyfiyyətli xidmət göstərmək üçün bütün imkanlardan səmərəli istifadə etdiklərini bildirib. Onun sözlərinə görə ERP sistemi bu cəhətdən mühüm rol oynayacaq.

"Koç Məlumat qrupu"nun baş direktoru Məmməd Nalbantoğlu öz çıxışında "Petkim" və "KoçSistem" arasındakı güclü əməkdaşlığın bundan sonra da davam edəcəyini söyləyib, bu əməkdaşlığın hər iki şirkət üçün, bütövlükdə Türkiyə və Azərbaycan iqtisadiyyatı üçün səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Tədbirdə qeyd olunub ki, SAP sisteminə keçid "Petkim"də bölmələr arası inteqrasiyanın yüksəldilməsi, müəssisə daxilindəki informasiya mübadiləsinin keyfiyyətinin artırılması, məlumatların sürətli dövriyyəsi və veriləcək qərarların effektivliyi məqsədlərinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə