Naxçıvanda iqtisadi kreditlərin həcmi 101 milyon manat

Naxçıvanda iqtisadi kreditlərin həcmi 101 milyon manat

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən cari ilin 1 dekabr tarixinə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşunun həcmi 100 milyon 978 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 2 milyon 388 min manat, uzunmüddətli kredit qoyuluşu isə 98 milyon 590 min manat təşkil edib.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən bildirilib ki, cari ilin 11 ayında verilmiş kreditin məbləği 28 milyon 39 min manat olub. Bunun da 55 faizi (15 milyon 415 min manat) sosial və istehlak, 22,4 faizi (6 milyon 274 min manat) topdan və pərakəndə ticarət, 13,4 faiz (3 milyon 743 min manat) daşınmaz əmlak, 7 faizi (1 milyon 971 min manat) kənd təsərrüfatı, 2 faizi (566 min manat) sənaye, 0,2 faizi (70 min manat) tikinti sahələri üzrə verilmiş kreditlərdir.

Kənd təsərrüfatı üzrə verilmiş kreditlərin 1 milyon 488 min manatı heyvandarlığın, 91,4 min manatı isə kartofçuluğun inkişafına yönəldilib. Bu il qarğıdalı əkinlərinin genişləndirilməsi üçün verilmiş 78,7 min manatlıq kredit sahənin inkişafında mühüm rol oynayıb. Ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas strateji məhsul olan taxılçılığın genişləndirilməsi üçün verilən kreditlərdə də artım müşahidə olunub. Belə ki, 11 ayda bu sahəyə 118,1 min manat həcmdə kredit yönəldilib. Bu da kənd təsərrüfatı məhsulları üzrə xərclənmiş ümumi vəsaitin 32,8 faizini təşkil edir.

Banklara milli valyuta ilə cəlb edilən əmanətlərin həcmində artım müşahidə olunub

Təhlil olunan dövrdə bankların əhali ilə apardığı işlərin digər bir mühüm istiqaməti olan əmanətlərin cəlb olunmasında da müəyyən işlər görülüb. Belə ki, dekabrın 1-nə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 507 min manat, o cümlədən milli valyuta ilə 4 milyon 555 min, xarici valyuta ilə isə 1 milyon 952 min manat təşkil edib. Banklara qoyulan əmanətlər arasında milli valyuta ilə cəlb edilən əmanətlərin həcmində artım dinamikası müşahidə olunub və 2015-ci ilin iyun ayından sonra ən yüksək səviyyəyə çatıb ki, bu da milli valyutanın kursunun möhkəmlənməsi istiqamətində görülən tədbirlərin nəticəsində mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə