Zaqatalada “Şəbəkə” Xidmət Mərkəzinin açılışı olub FOTOLAR
Zaqatalada “Şəbəkə” Xidmət Mərkəzinin açılış mərasimi olub. SİA-nın Şimal-Qərb bürosunun Zaqataladan verdiyi məlumata görə, Zaqatala Şəbəkə Xidmət Mərkəzinin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə iştirak ediblər. Ramin Quluzadə, Mübariz Əhmədzadə və rayon ictimaiyyəti qovşaqda yaradılan şəraitlə tanış olublar.
Sahəsi 2600 kvadratmetrdən çox olan dördmərtəbəli binanın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. İşçi personalının daha rahat işləməsi üçün bütün lazımi şərait yaradılıb. Qovşağın kompüter parkı yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib. Qovşaqda fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib.
Bildirilib ki, son illər Azərbaycan bir sıra xidmət sahələrində islahatlar apararaq, nəinki postsovet məkanında, hətta ən inkişaf etmiş Qərb və Avropa dövlətlərinin özləri üçün də yenilik olan xidmət sahələri vətəndaşlarının istifadəsinə verilir. Dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində dünyanın ən qabaqcıl dövlətləri belə, respublikamızda yaranan “Asan Xidmət”-in təcrübəsini öyrənirlər. Bu islahatlar bir çox sahələrdə olduğu kimi, rabitə sahəsində də özünü yüksək səviyyədə göstərir. Zaqatala rayonunda vətəndaşların istifadəsinə verilən “Şəbəkə” Xidmət Mərkəzi deyilənlərə bariz nümunədir.
Beləliklə də, Zaqatalada “Şəbəkə” Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Respublikamızda telekommunikasiya infrastrukturunun müasirləşdirilməsi üzrə aparılan işlər çərçivəsində Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurulub, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.
Aldığımız məlumata görə, əsaslı rekonstruksiya nəticəsində quraşdırılan avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə 30 faizə qədər qənaət olunacaq, müştərilərə yüksək səviyyəli xidmət göstəriləcək.
Qeyd edək ki, Elektron Hökumət Təlim-Tədris Mərkəzində əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyaları üzrə bilik və bacarıqları inkişaf etdirilir.
Eyni zamanda, qovşağın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi yaradılıb. Sahəsi 672 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bu məkanda təqdim ediləcək.
Şəbəkə xidmətinin istifadəyə verilməsi vətəndaşların rahatlığına xidmət edir. Odur ki, tədbirə qatılan hər bir zaqatalalı “Şəbəkə” Xidmət Mərkəzinin istifadəyə verilməsinə görə, dövlət başçısına minnətdarlığını bildiriblər.
Əlmaniz Ələkbərli,
SİA-nın Şimal-Qərb bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB