Sərgiyə 10 türk şirkəti qatılıb

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bu gün "Bakutel-2017" sərgisinin açılışında iştirak edib. SİA–nın məlumatına görə, nazir "Bakutel" sərgisinin keçirilməsini "gözəl ənənə" adlandırıb və bildirib ki, türk şirkətləri bu tədbirdə iştiraka hər zaman maraq göstərib: "Bunun əsas səbəbi ondan ibarətdir ki, türk şirkətləri regionda İKT və nəqliyyat sektorunda nümunəvi xidmət göstərir. Sadəcə GSM operatorlarımız deyil, bu sektora dəstək verən digər şirkətlərimiz də regionda fəaliyyətlərini daha da genişləndirmək niyyətindədir və "Bakutel" bunun üçün çox gözəl platformadır".

Ə.Arslanın sözlərinə görə, "Bakutel" sərgisinə Türkiyədən 10-dan çox şirkət qatılıb: "Şirkətlərimizə çox böyük maraq var, təbii ki, bunun da kökündə göstərdiyimiz keyfiyyətli xidmət dayanır. Qardaş ölkə Azərbaycanda olmaqdan məmnunam. Azərbaycanı təbrik edirik. Bu il 22 ölkədən 190-dan çox şirkətin iştirak edir. Bu, çox vacib rəqəmdir. Azərbaycan və Türkiyə şirkətləri çox gözəl əməkdaşlıq edir. Bu əməkdaşlıq təkcə region üçün deyil, beynəlxalq səviyyədə də görüləcək işlər üçün edilir", - deyə türkiyəli nazir vurğulayıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə