Samir Şərifov: “2011-ci ilin büdcəsi cari ilin 8 ayında ölkənin makroiqtisadi göstəriciləri əsasında hazırlanıb” - MÖVQE

Samir Şərifov: “2011-ci ilin büdcəsi cari ilin 8 ayında ölkənin makroiqtisadi göstəriciləri əsasında hazırlanıb” - MÖVQE

2011-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Prezident tərəfindən Milli Məclisə daxil olub. SİA-nın verdiyi xəbərə görə, bu sözləri maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisin plenar iclasında büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, layihə Mili Məclisin bütün komitələrində müzakirə edilib və müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyyə olunub. Onun sözlərinə görə, sözügedən sənəd son illər ərzində gedən sosial, iqtisadi inkişaf, ötən 8 ay ərzində ölkəmizdə gedən iqtisadi inkişaf nəzərə alınaraq, cari ilin 8 ayında makroiqtisadi göstəricilər əsasında hazırlanıb. Gələn ilin dövlət büdcəsində gəlirlər 12 milyard 61 milyon manat həcmində nəzərdə tutulur. Bunun cari illə müqayisədə 4,8 faiz çox olduğunu deyən nazir in sözlərinə görə, xərclərin isə 12 milyard 748 milyon manat olması planlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 3,9 faiz artıqdır: "Büdcə layihəsində sosial yönümlülük prioritet istiqamət kimi saxlanılacaq. Belə ki, gələn il üçün sosial xərclər ümumi xərclərin 33,3 faizini təşkil edəcək. Layihədə 2011-ci ilin dövlət büdcəsinin gəlirlərini 12 061 000,0 min manat, xərclərini 12 748 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11 613 958,2 min manat, yerli gəlirləri 447 041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11 440 460,0 min manat, yerli xərcləri 1 307 540,0 min manat) məbləğində təsdiq etmək nəzərdə tutulur. Dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi 690 000,0, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 210 000,0, əlavə dəyər vergisi 2 121 600,0, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 818 000,0, aksiz vergisi 495 000,0 min manat həcmində göstərilib".

S.Şərifov vurğulayıb ki, dövlət büdcəsində bir barel neftin qiyməti 60 dollar məbləğində müəyyən edilib. Büdcənin gəlirlərinin ÜDM 30 faizi həcmində 2010-cu illə müqayisədə 4.8 faiz çox planlaşdırıldığını deyən nazir qeyd edib ki, məqsədli dövlət proqramlarının və tədbirlər üçün xərclərin 42.3 faiz məbləğində və ya 5 milyard 390 milyon manat ayrılıb.

Onun sözlərinə görə, bu cari xərclərin tərkibində sosial müdafiə və ya sosial təminatlı xərclərin xüsusi çəkisi 10.4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq xərcləri 3.5, səhiyyə 4.3, kommunal təsərrüfat xərcləri 1.8, mədəniyyət, incəsənət, KİV xərcləri 1.6 faiz, elm xərcləri 0.9 faiz, təhsil xərcləri 10.5 faiz, əsas bölmədə aid edilməyən xərclər 6.3 faiz, dövlət əsaslı vəsait xərcləri isə 26.5 faiz təşkil edib. "Sosialyönümlü xərclərin büdcədəki çəkisi 33.3 faiz nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 8.8 faiz artıq planlaşdırılıb. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 500 milyon manatadək məbləğ nəzərdə tutulub. Elm, təhsil, səhiyyə, gənclər, bədən tərbiyəsi və digər sahələr üçün 3 milyon 518 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7.5 faiz çoxdur. Məqsədli dövlət tədbirlərin və proqramların maliyyə təminatı üçün 320 milyon vəsait nəzərdə tutulub. Ayrı-ayrı uşaq, qadın hüquqları, gender siyasəti həyata keçirilməsi istiqamətində və digər bu kimi məsələlərin həlli üçün büdcədə 2 milyon manat vəsait planlaşdırılıb. Bu da cari illə müqayisədə 18.48 faiz çoxdur. Ombudsmana dövlət büdcəsindən 1.4 milyon vəsait ayrılıb. Qaçqın və məcburi köçkünlər üçün büdcədə 196.3 milyon vəsait nəzərdə tutulub. Dövlət müdafiə sahəsinə, sosial layihələrin həyata keçirilməsi üçün planlaşdırılan layihələrin həyata keçirilməsi ilə birgə müdafiə xərcləri 2011-ci ilin büdcəsində 18.9 faiz həcmində və ya bu illə müqayisədə 9.1 faiz çox maliyyə ayrılması nəzərdə tutulub. Məhkəmə sistemləri, hakim korpuslarının yeniləşdirilməsi üçün büdcədə 43 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 3.8 faiz artıb. Xarici dövlət borcu 2010-cu il üçün gözlənilən ÜDM-nın 7.1 faizini təşkil edilib ki, bu da normal hesab edilir. Büdcə hazırlanarkən ölkənin xarici borcu əvvəlki illə müqayisədə 700 milyon manat azalıb. Yeni büdcədə ölkənin daxili və xarici borclarının silinməsi üçün 347 milyon vəsait proqnozlaşdırılıb", - deyə o əlavə edib .

Bütün xəbərlər Facebook səhifəmizdə