“SOCAR Georgia Gas” Beynəlxalq sertifikat alıb

“SOCAR Georgia Gas” Beynəlxalq sertifikat alıb

"SOCAR Georgia Gaz" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təbii qazın distribusiyası, idxalı, satışı, qazlaşdırma və qaz paylayıcı şəbəkələrin istismarı sahəsində dünyada keyfiyyət və etibarlılıq etalonu kimi tanınmış, təftiş, verifikasiya (düzgünlüyün, proqramların müəyyən edilməsi), testləşdirmə, sertifikatlaşdırma üzrə dünyada aparıcı şirkət olan SGS-in İSO 9001:2008 Beynəlxalq keyfiyyət sertifikatı ilə mükafatlandırılıb.

SİA-nın məlumatına görə, bununla əlaqədar Tbilisidə keçirilmiş tədbirdə "SOCAR"-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, "SOCAR Georgia Gas" MMC-nin direktoru Anar Məmmədov, "SGS – Azəri" şirkətinin sertifikatlaşdırma departamentinin meneceri Yura Həsənov, "SGS-Georgia" şirkətinin sertifikatlaşdırma departamentinin əlaqələndiricisi Natalya Abaşadze və digərləri iştirak ediblər.

Mahir Məmmədov Gürcüstanda qazlaşdırma sahəsində fəaliyyət göstərən təşkilatlar arasında "SOCAR Georgia Gas"-ın bu mükafata layiq görülmüş yeganə şirkət olduğunu vurğulamış, kollektivə uğurlar diləyib.

"SOCAR Georgia Gas" MMC-nin direktoru Anar Məmmədov bildirib ki, belə bir mükafata layiq görülməyimiz şirkətimizdəki menecment qaydalarının beynəlxalq standartlara uyğun olmasının nəticəsidir. Biz fəxr edirik ki, Gürcüstanda Azərbaycanı təmsil edən şirkətimiz bu yüksək mükafata layiq görülmüş yeganə qurumdur. Etimadı doğrultmağa çalışacaq və qonşu Gürcüstanda uğurları artıracağıq.

Digər çıxış edənlər də kollektivi təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə