“Azərbaycan üçün Ukrayna ilə əlaqələri genişləndirmək olduqca vacibdir. Bu əlaqələri iqtisadi və siyasi sahədə daha da genişləndirmək lazımdır". SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-Ukrayna işgüzar görüşündə bildirib.

Onun sözlərinə görə, bu ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 400 mln. dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Nazirin təqdim etdiyi rəqəmlərə əsasən, bu gün Azərbaycanda 116 Ukrayna şirkəti fəaliyyət göstərir. "Ukraynanın Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi 25 mln. dollar təşkil edir. Azərbaycan şirkətlərinin Ukraynaya yatırdıqları birbaşa investisiyanın həcmi isə 200 mln. dollardır", - deyə Ş. Mustafayev qeyd edib.

Nazir bildirib ki, SOCAR-ın Ukraynadakı törəməsi olan "SOCAR Ukraine Enegy" şirkəti aktiv şəkildə fəaliyyət göstərir.

Ş.Mustafayev deyib ki, yaxın vaxtlarda Ukraynada Azərbaycan Ticarət Evi açılacaq: "Artıq qeydiyyat məsələləri yekunlaşıb, ticarət evinin yerləşəcəyi ərazi müəyyən edilib. Ümid edirik ki, çox yaxın vaxtlarda bu ticarət evi fəaliyyətə başlayacaq və iki ölkə arasında ticarət dövriyyəsinə müsbət nəticəsini göstərəcək".

Ukraynanın baş nazirinin müavini Stepan Kubiv isə çıxışında bildirib ki, Azərbaycan innovasiyalara və yeni məhsulların ixracına və rəqabətə açıq ölkədir: "Ölkələrimiz bu sahədə sıx əməkdaşlıq etməlidir".

O bildirib ki, bu ilin sonunda dövlət müəssisələrinin özəlləşdirilməsinə imkan verən qanunun qəbul edilməsi planlaşdırılır. O, Azərbaycan şirkətlərini də burada yaxından iştirak etməyə dəvət edib. "Ukrayna investisiya fəaliyyəti üçün olduqca cəlbedici ölkədir. Biz də burada Azərbaycan şirkətlərini görmək istərdik", - deyə baş nazirin müavini vurğulayıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...