Dövlət Gömrük Komitəsində (DGK) gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində son yeniliklərlə bağlı seminar-müşavirə keçirilib. SİA bildirir ki, DGK Mətbuat Xidmətindən verilən məlumata görə, DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin keçirdiyi tədbirdə məqsəd gömrük əməkdaşlarını maarifləndirmək olub. Seminar-müşavirədə komitə sisteminə daxil olan gömrük orqanlarının və digər qurumların fəaliyyətin qiymətləndirilməsi şöbələrinin (bölmələrinin) əməkdaşları iştirak edib.

DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev seminar-müşavirədə çıxış edərək gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, VAİS-də tətbiq olunmuş son yeniliklərdən danışıb.

Gömrük orqanlarında VAİS-dən istifadə vəziyyətini şərh edən İ. Babayev bildirib ki, mal və nəqliyyat vasitələrinin qeydiyyatı zamanı bəzi əməkdaşlar tərəfindən məlumatların VAİS-ə düzgün daxil edilməməsi hallarına yol verilir ki, bu da vətəndaşların sərhəd-buraxılış məntəqələrində gecikdirilməsinə səbəb olur. Gömrük rəsmiləşdirilməsi zamanı bir sıra hallarda bəyannaməçinin gömrük bəyannaməsinə daxil etdiyi məlumatların düzgünlüyü gömrük rəsmiləşdirilməsinə məsul olan gömrük orqanı əməkdaşları tərəfindən tam şəkildə yoxlanılmır və gömrük bəyannamələrinin tərtibində yol verilən səhvlər vaxtında aşkar edilmir. Belə hallar rəsmiləşmənin mal və nəqliyyat vasitələri barədə düzgün olmayan məlumatlar əsasında həyata keçirilməsinə gətirib çıxarır və nəticədə idxal-ixrac əməliyyatlarının statistikasına mənfi təsir göstərir.

Baş İdarənin rəisi gömrük bəyannamələrində düzəlişlərin aparılmasına dair daxil olan sifarişlərin hər bir gömrük orqanı üzrə statistikasını şərh edərək bu halların aradan qaldırılması üçün gömrük orqanlarında Fəaliyyətin qiymətləndirilməsi şöbələrinin (bölmələrinin) fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini şöbə (bölmə) rəislərinin nəzərinə çatdırıb, eyni zamanda, gömrük rəsmiləşdirilməsinin aparılmasına məsul olan gömrük orqanı əməkdaşlarının məsuliyyətinin artırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Seminar-müşavirədə gömrük orqanlarının Fəaliyyətin qiymətləndirilməsi şöbələrinin (bölmələrinin) rəislərinin mal və nəqliyyat vasitələrinin qeydiyyatı, gömrük rəsmiləşdirilməsinin aparılması üzrə VAİS vasitəsilə həyata keçirilən əməliyyatlara dair fikirləri dinlənilib, qarşıya çıxan problemlərin yaranma səbəbləri araşdırılıb, birgə müzakirə əsasında bəzi çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq qərarlar qəbul edilib.

Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində son yeniliklərlə bağlı Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin əməkdaşları tərəfindən seminar-müşavirə iştirakçılarına ətraflı məlumat verilib, həmin yeniliklərin tətbiqi vəziyyətinə dair fikir mübadiləsi aparılıb, bu yeniliklərin mahiyyəti izah olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə