Estakadanın meydançası əsaslı təmir olunub

Estakadanın meydançası əsaslı təmir olunub

N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) 682 saylı estakadayanı meydança əsaslı təmir edilib. SOCAR-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, şirkət istismar etdiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, estakada, meydança və özüllərin daha keyfiyyətli istismarının təmin edilməsi, mövcud infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir.

Bu günlərdə “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında N.Nərimanov adına NQÇİ tərəfindən istismar olunan 682 saylı estakadayanı meydançada əsaslı təmir işləri həyata keçirib. Aparılan işlər zamanı meydançanın 7965 kvadrat metr sahəsində korroziyaya qarşı mühafizə tədbirləri görülüb, eyni zamanda, 16 şaquli və 6 maili svay, 28 ədəd anker vurulub, 6 ədəd metal lövhə və 4,8 tonluq məhəccər çəpəri quraşdırılıb, həmçinin əlavə işıqlandırma işləri həyata keçirilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb, obyekt istismara qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə