“YAP müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir”

“YAP müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir”

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib. SİA-nın məlumatına görə, müsabiqənin əsas məqsədi rayonun incəsənət və təhsil nümayəndələrinin fırçası və qələmi ilə Yeni Azərbaycan Partiyasının yaranması dövrünü, partiyanın yaradıcısı böyük azərbaycanlı, millətimizin fəxri, milli və mənəvi liderimiz Heydər Əliyevin əmanət qoyduğu müstəqil Azərbaycanın Onun ölməz ideyalarının işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində gələcəyə inamla addımlamasını, ölkənin inkişafında YAP-ın oynadığı müstəsna rolu obrazlı şəkildə diqqətə çatdırmaqdır.

Müsabiqənin elan olunması ilə əlaqədar keçirilən iclasda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Əməkdar jurnalist, müsabiqə komissiyasının sədri Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Ramil Vəlibəyov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirilib və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edilib, Ümummilli Lider yekdilliklə partiyanın sədri seçilib. Bununla da müstəqil Azərbaycanın yeniliyə açıq, xalqın partiyası - Yeni Azərbaycan Partiyası yaranıb. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. Prezident İlham Əliyev YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına 700 mindən çox insanı toplaya bilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.

Bildirilib ki, inşa və rəsm müsabiqəsi YAP Nizami rayon təşkilatının ilk partiya təşkilatları arasında keçiriləcək. Yazılar iki dildə qəbul ediləcək. Rəsm əsərləri və inşa yazıları yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılacaq.

Müsabiqənin qalibləri YAP-ın 25-ci ildünümü münasibətilə keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə