“Bahar”da yeni quyu istismara verilib

“Bahar”da yeni quyu istismara verilib
Kompleks Qazma İşləri Trestinin "Qum adası" Dəniz Qazma İşləri İdarəsi tərəfindən "Bahar" yatağındakı 76 nömrəlı Dərin Stasionar Özülündə 209 nömrəlı istismar quyusunda qazma işləri başa çatdırılıb. Dövlət neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Rotor turbin üsulu ilə qazılan quyu 5250 metr dərinliyə layihələndirilib. Aparılan perforasiya işlərindən sonra quyu sutkada 266 000 kubmetr qaz, 30 ton kondensat hasilatı ilə istismara verilib.

Quyu "Qum adası" NQÇİ-nin sifarişi ilə qazılmışdır. 2008-ci ilin iyununda qazma işlərinə başlanmış 209 nömrəli quyuda yeni texnika və texnologiyalar geniş tətbiq edilib. İlk olaraq quyudibi mühərriklərini qeyd etmək lazımdır ki, bu mühərriklərin də turbinlərə görə dövrlər sayı azdır. Onlar güclü fırlanma momentinə malikdirlər və bu da ox boyu böyük yük verməyə imkan yaradır. Bundan başqa, gilli məhlulların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə "Mİ Drilling Fluids" birgə müəssisəsi ilə bağlanmış müqavilə əsasında "SVAKO" firmasının istehsalı olan təmizləmə qurğusu alınaraq quyuda quraşdırılıb. Dünyada müasir qazma texnologiyasının ən geniş yayılan bu qurğuların tətbiqindən sonra qazma sürəti dəfələrlə artıb, quyudibi mühərriklərin iş saatı çoxalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə