Avqust ayında təkrar bazarda 3, 4 və 5 otaqlı mənzillərə tələbat azalıb

2010-cu ilin avqust ayı ərzində təkrar bazar üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə azalma qeydə alınıb (-0.6%). "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən artıb. Təklifin nisbi artımı mənzillərin qiymət dinamikasının azalmasının qarşısını almayıb. Araşdırmalar göstərir ki, təklifin sabit qalmasına baxmayaraq ümumi təklif portfelində yeni tikililərinin payının (60.4%) artımı davam edir.

Bazarda təklifin (0.5%) artmasına baxmayaraq, orta qiymət 0.2% azalıb. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər sabit qalsa da, risk dərəcəsi hələ də yüksəkdir.

Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq azalıb (-0.2%). Təkrar bazarda dinamikaya təsir göstərən amillərin çox olmasına baxmayaraq əmlakın bu növü üzrə qiymət azalması ilkin bazardan daha dinamik müşahidə olunur. Ekspertlər bu amili ilkin bazarda qiymətlərin sahibkarların nəzarətində olması, eyni zamanda təkrar bazar üzrə qiymətlərin əmlakın real dəyərindən hələ də baha olması ilə əlaqələndirirlər.

Avqust ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ay olduğu kimi Xətai, Yasamal, Binəqədi və Nərimanov rayonları olub. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmaları göstərilir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 4 rayonun üzərinə düşür.

Bu, həmin rayonlarda əmlak qiymətlərinin ipotekanın normativ tələblərinə uyğunluğu və bu rayonların daha əlverişli olması ilə bağlıdır. Avqust ayında təkrar mənzil bazarında qiymət indeksi 1.5 bənd azalaraq 202.8 bənd səviyəsində qərarlaşıb.

Aparılan araşdırmalara əsasən avqustda təklif 0.5% artmış və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 6785-ə çatıb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edir və bu 4 rayonun ümumi payı birlikdə 80,3%-ə bərabərdir.

Avqust ayında otaqlar üzrə 3, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınıb. Təklif üzrə ən çox azalma 4 otaqlılarda qeydə alınıb (1,3%). 1 və 2 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb (0.2%). Yeni tikililərin satışında yaranan problemlərdən sonra tikinti şirkətlərinin bir çoxu mənzillərini satmaq məqsədilə böyük kvadratlı (4 və 5 otaqlılar üzrə) mənzilləri 2 və 1 otaqlı mənzillərə bölməklə marketinq və satış siyasətlərində yeniliklər etməyə çalışırlar. Bu səbəbdən də tədricən təkrar bazara daxil olan yeni tikililərin hesabına yenidən 2 otaqlı mənzillər ümumi portfeldə 3 otaqlı mənzillərə yaxınlaşmaqdadır.

Buna uyğun olaraq ay ərzində təkrar bazara satışa çıxarılan mənzillərin otaqlar üzrə pay bölgüsü aşağıdakı kimi olub: Avqust ayında qiymət indeksində 1.5 bənd azalma müşahidə edilib. Orta qiymət 0,2% azalaraq ötən ay qeydə alınmış 1102 $/kv.m-dən 1100 $/kv.m-ə enib. Ay ərzində ən çox qiymət artımı Binəqədi rayonunda (0,8%) qeydə alınıb. Ən çox qiymət azalması isə Nəsimi rayonunda (-0.8 %) baş verib. Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1100 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 56,8%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.57, hər otağın orta satış qiyməti 44656 ABŞ dolları, mənzilin orta qiyməti isə 113251 ABŞ dolları təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə