Avqustda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı azalıb
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupu tərəfindən aparılan bazar araşdırmalarına əsasən 2010-cu ilin avqust ayında bazara çıxarılan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikası ötən aya nisbətən bir qədər də azalıb.
Avqust ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış qiymətində 0.2%, icarə qiymətlərində isə 0.1% qiymət azalması qeydə alınıb. Avqustda bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 1,2% azalıbdır. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) iyulda qeydə alınan 2944 ABŞ dollarından 2938 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən rüblə müqayisədə 0.7% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq dövründə qeydə alınmış nəticədən 1.9% aşağı olaraq qalır. Bazarda qiymətlərin stabilləşməsinə baxmayaraq tələbin aşağı olması ekspozisiya müddətinin artımına təsir göstərib. Ekspozisiya müddətinin artımı müvafiq olaraq əmlakın bu növü üzrə risk dərəcəsini də artıbdır.
Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə qiymətlərin stabilləşməsi zonalar üzrə qiymətlərə də təsir göstərib. II zonada qiymətlərin nisbi artımı (0.1%) müşahidə olunduğu halda digər zonalarda müvafiq olaraq -0.1%, -0.3%, -0.2% qiymət azalması müşahidə edilib.
Ay ərzində qeyri-yaşayış sahələri bazarında Qaradağ və Binəqədi rayonlarında müvafiq olaraq 0,4% və 0,3% orta qiymət artımı baş verib. Digər rayonlarda isə qiymət azalması müşahidə olunub. Ən çox qiymət azalması isə Nizami rayonunda (-0,3%) müşahidə olunub. Avqustda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (2938 ABŞ dolları) aşağı olan obyektlər ümumi portfeldə 53,9% paya malik olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB