Gənc menecerlər Almaniyada ixtisasartırma kursu keçiblər
Bu gün İqtisadi İnkişaf Nazirliyinin (İİN) və nazirliyin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) təşkilatçılığı ilə 2009-cu ildə Almaniyada təcrübə keçmiş 16 nəfər gənc azərbaycanlı menecerin ixtisasartırma kursunun səmərəliliyinin qiymətləndirilməsinə həsr olunmuş seminar keçirilib.
SİA-nın məlumatına görə, Bakı Biznes Mərkəzində keçirilən tədbirdə İİN, BBTM və Almaniyanın "InWent" təşkilatının nümayəndələri, həmçinin ixtisasartırma kursu keçən menecerlər iştirak ediblər. Tədbirdə çıxış edən mərkəzin direktoru Akif Fərruxov qonaqları salamlayaraq tədbirin məqsədi və Almaniyada təşkil edilmiş ixtisasartırma kursunun əhəmiyyəti barədə məlumat verib.
Daha sonra İİN Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov öz növbəsində tədbir iştirakçılarını salamlayıb. O çıxışında qeyd edib ki, 2009-cu ildə "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında" Anlaşma Memorandumu imzalanıb: "Memorandum çərçivəsində "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı"ının icrası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinə və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin "InWent" təşkilatına həvalə edilib. Sənədə görə Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların Proqram çərçivəsində Almaniyada tədris və təcrübə keçməsi nəzərdə tutulub".
Zaur Qasımov bu Proqramın gələcəkdə də davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində Almaniyanın qabaqcıl şirkətlərində beynəlxalq təcrübəyə yiyələnməsi baxımdan çox vacib olduğunu iş adamları arasında işgüzar əlaqələrin genişlənməsi, Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin daha da inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Daha sonra, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov və Almaniyanın "InWent" təşkilatının eksperti Vladislav Belov çıxışlarında "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı" və ixtisasartırma kursunun uğurlu nəticələri haqqında danışıb. Onlar çıxışlarında qeyd ediblər ki, 16 gənc menecer 2009-cu ilin oktyabr-noyabr aylarında Almaniyanın "Baden Vürttenberq" Tədris Mərkəzində, 20 nəfər gənc menecer isə 2010-cu ilin iyun-iyul aylarında Almaniyanın "Karl Duysberq" Tədris Mərkəzində tədris, Berlin və Bonn şəhərlərində təcrübə keçiblər.
Xatırladaq ki, bu Proqramın iştirakçılarına təqaüdlərin verilməsi, onların həyatının sığortalanması və kurs müddətində mənzillə təminat xərcləri isə Almaniya tərəfındən ödənilib. Kurs müddətində menecerlər Almaniyada ixtisaslaşdırılmış məşğələ və praktiki treninqlərlə müşayiət olunan müxtəlif məzmunlu təcrübələr keçmək məqsədilə müəssisələrə səfərlər də ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB