“Azəri-Çıraq-Günəşli” üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur
Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var.
Bu sözləri Prezident İlham Əliyev sentyabrın 6-da Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimindəki çıxışında deyib.
“Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq. İndi 20 ildir ki, biz “Azəri-Çıraq-Günəşli”dən neft və qaz hasil edirik. Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”,- deyə dövlətimizin başçısı qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB