Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir AÇIQLAMA

Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir AÇIQLAMA

“İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı ölkə başçısı cari ilin ötən altı ayı ərzindəki ölkəmizin iqtisadi mənzərəsini geniş şəkildə təhlil edib. Ən diqqəti çəkən məqamlardan biri isə dünya ölkələrinin iqtisadiyyatında investisiyaların qoyuluşu azaldığı halda Azərbaycanda investisiya mühitinin genişlənməsi olub”. Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, 2017-ci ilin altı ayında iqtisadiyyatımıza 5 milyard dollar investisya yatırılıb: "Bu, böyük uğurdur. Bu onu göstərir ki, ölkəmizdə sərmayələrin qoyulmasında xarici sərmayədarların marağı artıb və qoyulan sərmayələrin çox hissəsi xarici sərmayələr olub. Dünyanın bir çox ölkələrinə qoyulan xarici sərmayələrin azalması fonunda, Azərbaycana qoyulan xarici sərmayələrin artmasının müşahidə olunması sevindirici haldır. Bu, xarici biznes strukturlarının ölkəmizə artan marağının göstəricisidir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Burada investisiya iqlimi rol oynamaqla yanaşı, əsas olaraq Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Məhz siyasi sabitlik təmin olunan ölkələrdə iqtisadi inkişafa nail olmaq olar. Çünki ora xarici investorları cəlb edən məkana çevrilir. Azərbaycan belə məkandır və bu siyasi sabitliyin təməlində xalqla iqtidar birliyi, dövlət siyasətinin xalqa xidmət etməsi, xalqın dövlətə inamı və ölkə başçısına xalqın dəstəyi dayanır. Düşünürəm ki, belə olan halda iqtisadi uğurlarımız artacaq, ölkəmiz inkişaf edəcək, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksələcək, ölkəmiz güclənəcək və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Azər Badamov daha sonra qeyd edib ki, cari ilin iqtisadi göstəriciləri müsbətdir: "Qeyri-neft sektorumuz 1,7 faiz ,qeyri-neft sənayemiz isə 4,4 faiz artıb. Ölkə iqtisadiyyatına 5 milyard dollar investisiya qoyulub, valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 40,4 milyard dollara çatıb. Cari ildə 123 min yeni iş yerləri yaradılıb, xarici ticarət dövriyyəmizdə ixrac 36 faiz, o cümlədən qeyri-neft ixracı 27 faiz artıb idxal isə 15 faiz azalıb. Göründüyü kimi, bütün iqtisadi göstəricilərimiz müsbətdir, ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Bu inkişafımızın təməlində dövlət başçımızın müəyyənləşdirdiyi düşünülmüş siyasi-iqtisadi kurs dayanır".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə