Naxçıvanda aztəminatlı ailələrə cins qaramal verilib

Naxçıvanda aztəminatlı ailələrə cins qaramal verilib

Naxçıvan Muxtar Respublikasında aztəminatlı ailələrə qayğı davamlı xarakter alıb. Cari ildə də aparılan uğurlu sosial siyasətin əsas məqsədi belə ailələrin maddi rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün sosial qayğıya ehtiyacı olan insanları da əhatə edən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi əsas məqsəd kimi müəyyənləşdirilib. Sevindirici haldır ki, iqtisadi layihələrdən əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilir, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi daha da gücləndirilir. Nəticədə sosial qayğıya ehtiyacı olan vətəndaşlarımızın gəlirləri daim artır, onların məşğulluğu təmin olunur. Muxtar respublika üzrə müəyyənləşdirilmiş 15 aztəminatlı ailələrə bir baş cins qaramalın verilməsi də həmin ailələrin maddi rifah halının yaxşılaşdırılması ilə yanaşı, onların məşğulluğunun təmin olunmasına öz töhfəsini verəcək.

İyunun 14-də bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasında sosial sahədə aparılan dövlət siyasətinin əsas istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Naxçıvan Muxtar Respublikasında ailələrin maddi və mənəvi tələbatlarının ödənilməsi, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə, avtomobillərlə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir.

Qeyd olunub ki, ailələrin rifahının təmin olunmasında məşğulluğun rolu danılmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” işaxtaranların səmərəli məşğulluğuna, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb.

Vurğulanıb ki, dövlət proqramına əsasən muxtar respublikada ailələrin özünüməşğulluğunun təmin edilməsi ilə əlaqədar ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən uzun müddət ünvanlı dövlət sosial yardımı alan ailələrə fərdi təsərrüfatlarını qurmaq üçün müvafiq köməklik göstərilməsi nəzərdə tutulub. Bu məqsədlə Şərur, Babək, Ordubad və Culfa rayonları üzrə aztəminatlı 15 ailə müəyyənləşdirilib, onlar üçün müvafiq kurs təşkil edilib. Bu gün isə həmin ailələrin hər birinə bir baş cins inək veriləcək. Azər Zeynalov ailələri təbrik edib, dövlət tərəfindən onlara göstərilən bu dəstəkdən səmərəli yararlanacaqlarına, ailə təsərrüfatlarını genişləndirəcəklərinə əminliyini bildirib.

Sonra aztəminatlı ailə üzvlərinə müvafiq sənədlər təqdim olunub. Culfa rayonunun Yaycı kənd sakini Esmira Rəcəbova göstərilən qayğıya görə minnətdarlığını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarına söz verib. Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalova aztəminatlı ailələrə verilən və yüksək məhsuldarlığı ilə seçilən “Simmental” cinsi inəklər haqqında məlumat verilib.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə