BMT-nin rezident əlaqələndiricisi “Yaşıl çay” MMC-də FOTOSESSİYA
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi cənab Qulam İsakzainin başçılıq etdiyi nümayəndə heyəti Lənkəran səfəri çərçivəsində “Yaşıl çay” FT MMC-də olub. SİA-nın Cənub bürosunun məlumatına görə, qonaqları salamlayan təsərrüfatın direktor müavini Elşad Yaqubov müəssisənin yaranması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
Bildirib ki, “Yaşıl çay” çoxprofilli müəssisənin 150 hektar ümumi torpaq sahəsi vardır. 61 hektarında çay plantasiyası salınmışdır. Bunun 41 hektarı 2011-ci ildə, 20 hektarı isə 2014-cü ildə əkilib, növbəti illərdə 10 hektarda əkin aparmaq üçün 0,4 ha sahədə tinglik salınıb. Gələcəkdə daha 30 hektarda təsərrüfata məxsus torpaq sahələrində çay plantasiyaları salınmaqla ümumi sahələri 100 ha çatdırmaq nəzərdə tutulub.
Qeyd edib ki, “Yaşıl çay” MMC balanslaşdırılmış təsərrüfatdır. Balansımızda 300 başa yaxın heyvan olan heyvandarlıq kompleksi vardır. Burada toplanan üzvi gübrələri yığıb kompost hazırlayır və onu mineral gübrə əvəzinə çay kollarına veririk. Həmçinin Neftçala rayonunda hər il arpa əkini aparırıq. Buradan alınan samandan da kompost hazırlayıb çay kollarına veririk. Bu da istehsal etdiyimiz məhsulun ekoloji cəhətdən təmiz olmasını şərtləndirir. Digər tərəfdən kompostdan istifadə etməklə mineral gübrələrə sərf edəcəyimiz min manatlarla vəsaitə qənaət etmiş oluruq.
E.Yaqubov əlavə edib ki, həmçinin təsərrüfatımızda 1,2 hektarda 10150 ədəd çay tingi əkilib. 7 hektardan çox sahədə isə tərəvəz, bostan bitkiləri və 35 hektarda yemlik arpa əkinləri aparılıb. Təsərrüfatımızda 60-dan yuxarı işçi çalışır ki, bunların da əksəriyyəti qadınlardır.
Cənab Qulam İsakzai təsərüfatın su ilə təminatı ilə maraqlanıb. E.Yaqubov bildirib ki, dövlətimizin qayğısı nəticəsində əvvəllər mövcud olmuş su problemi artıq öz həllini tapıb. Meliorasiya işçiləri tərəfindən Xanbulançay dəryaçasından sahələrimizə qədər 2700 metr uzunluğunda su xətti çəkilib. Daxili imkanlar hesabına isə 61 hektar çay plantasiyasında qapalı suvama sistemi quraşdırmışıq. Qrafik əsasında çay plantasiyaları yay dövründə mütəmadi olaraq suvarılır.
Qulam İsakzai: Bu il nə qədər çay yarpağı yığa bilmisiniz?
E.Yağubov: 12 ton yaşıl yarpaq yığmışıq. Xammalın hamısını müəssisəmizin mini emal sexində emal edirik. “Buket”, “Feyxoa çayı”, “Gül çayı”, “Narın çay”, “Ekstra”, “Premium” və digər çaylarımız artıq əhalinin rəğbətini qazanıb. Gələcəkdə emal müəssisəmizi daha da genişləndirmək və çayın çeşidlərini artırmaq niyyətindəyik.
“Yaşıl çay” fermer təsərrüfatının fəaliyyət istiqamətləri yaxından tanış olan qonaqlar həm bölgədə yeni iş yerləri yaradan, həm ekoloji tarazlığı bərpa edən müəssisəyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda qonaqlara təsərrüfatın istehsalı olan “Buket” çayı hədiyyə edilib.
Çay plantasiyasının önündə xatirə şəkli çəkdirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB