Regionlarda sahibkarlar maarifləndirilir

Regionlarda sahibkarlar maarifləndirilir

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi, sahibkarlığın məsləhət-informasiya təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərini davam etdirir. Nazirlikdən SİA-ya verilən məlumata görə, sentyabrın 8-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Sabirabad rayonunda "Regionlarda sahibkarların maarifləndirilməsi" mövzusunda növbəti tədbir keçirilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, eləcə də Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin baş məsləhətçisi Amil Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Bildirilib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır. Bakı Biznes Tədris

Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinin, onların zəruri nəzəri biliklərə, praktiki bacarıqlara malik olmasının, beynəlxalq təcrübənin öyrənilməsinin, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsinin əhəmiyyətini vurğulamış, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində həmçinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nürəddin Eynullayev sahibkarlar üçün "Biznesdə risklərin idarə edilməsi" və "Biznesin sığortalanması" mövzularında məruzələrlə çıxış etmiş və təqdimatlar keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini digər rayonlarda da davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə