“Şərqin ilk parlamentli respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” TƏDBİR - SƏS TV
Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Respublika günü münasibətilə "Şərqin ilk parlamentli respublikası: Azərbaycan Xalq Cümhuriyyəti" adlı tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar Mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Dövlət himninin səslənməsindən sonra şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının hazırladığı "Azərbaycanımız: qorumalı olduğumuz sərvətimiz" adlı film nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən "Səs" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev qeyd edib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi: "Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Bütün bunlara baxmayaraq, bu cümhuriyyət çox yaşamadı. Çünki, quruluşda olanlar nöqsanlar buna səbəb oldu".
Ulu Öndər Heydər Əliyevin "Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir", sözlərini xatırladan baş redaktor bildirib ki, yəni qüdrətli, möhkəm və dayanıqlı dövlət olmadan azadlıq və müstəqillik də yoxdur: "Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə demokratik-hüquqi dövlət yaratmağa müvəffəq oldu. Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olub. Bir sözlə, Azərbaycan xalqını, dövlətini müstəqilliyinə qovuşduran və hakimiyyəti illərində bu müstəqilliyi göz bəbəyi kimi qoruyub saxlayan Ulu Öndər Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Müasir Azərbaycan dövlətinin istənilən çətinliklərə baxmayaraq, inamlı inkişafı və ildən-ilə daha da güclənməsi Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının, onun müəyyən etdiyi inkişaf strategiyasının və siyasi kursun, Prezident İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilən uzaqgörən inkişaf xəttinin möhtəşəm təntənəsidir".
Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb: "Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb".
Sədaqət Vəliyeva xüsusilə diqqətə çatdırıb ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. O, bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamını yüksək qiymətləndirib.
Mərkəzin direktoru Qalib Həsənov vurğulayıb ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika günü olaraq təntənə ilə qeyd edir.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB