““Azərenerji” IV İslam Həmrəyliyi Oyunlarına hazırdır” MÜSAHİBƏ

Yəhya Babanlı: ““Azərenerji” ASC üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək”
““Azərenerji” IV İslam Həmrəyliyi Oyunlarına hazırdır” MÜSAHİBƏ

"Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlının SİA-ya müsahibəsi

- Yəhya müəllim, Azərbaycan enerji təhlükəsizliyimiz tam şəkildə təmin edə bilibmi?

- Müasir dövrün enerji təhlükəsizliyi çağırışına cavab vermək üçün ən mühüm amillərdən biri elektrik enerjisinin generasiyası və strukturunu yenidən nəzərdən keçirməkdir. Bu sahədə əsas yeni texnologiyaların tətbiq edilməsi və mütəxəssis hazırlığının yüksəldilməsidir. Məhz düşünülmüş və uzaqgörən dövlət strategiyasının nəticəsində ölkəmiz buna nail ola bilib. Bu xüsusda, ən effektiv şəkildə enerji potensialı yaradılıb, fasiləsiz dayanıqlı, etibarlı və təmiz enerjisistem formalaşdırılıb. Enerji təhlükəsizliyimiz tam şəkildə təmin edilib.

Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi müasir dövrün tendensiyasına uyğun strateji hədəflərə doğru irəliləmək üçün mükəmməl konsepsiyadır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" yeni inkişaf konsepsiyası olmaqla köklü iqtisadi dəyişikliklərə geniş şərait yaradacaq. Bu Fərmanda strateji hədəflərdən biri kimi müəyyənləşdirilən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsinə daha əlverişli mühit formalaşdıracaq. Yeni texnologiyaların tətbiq edilməsi ilə dayanıqlılıq və səmərəlilik yüksək dərəcədə artırılacaq.

- Yeni hədəflərə çatmaq üçün "Azərenerji" hansı işləri görməyi planlaşdırır?

- Məlum olduğu kimi, yaxın və uzaq perspektivlər üçün elektrik enerjisi sisteminin prioritetləri də bu mühüm əhəmiyyətli sənəddə əksini tapıb. Bu sahə ilə bağlı vacib və strateji məqamlara fundamental əsaslarla yanaşılması onu deməyə əsas verir ki, elektrik enerjisi infrastrukturunda dəyişikliklər, yeniliklər baş verəcək. Sistem dövrün texnoloji inkişafı ilə paralel olaraq müasirləşməkdə davam edəcək. "Azərenerji" ASC bu Strateji Yol Xəritəsindən irəli gələn vəzifə və funksiyaların icrasına başlayaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən qarşıya qoyulan yeni hədəflərin optimal idarəetmə üsulunu və yeni İş Planını hazırlayır.

Bildiyimiz kimi, ötən 15 ildə ölkənin istehsal həcmi əhəmiyyətli dərəcədə artmış və Azərbaycan Respublikasının elektrik enerjisi ixracı potensialı genişlənib, stansiyalar müasirləşdirilib, yarımstansiyalar və ötürücü xətlər yenilənib. Hazırda ölkədə elektrik enerjisinin 90 faizdən çoxu istilik elektrik stansiyalarında, qalan hissəsi isə su və digər elektrik stansiyalarında istehsal edilir.

Bir sözlə, Strateji Yol Xəritəsi iqtisadi və demoqrafik inkişafla əlaqədar artan tələbatın tam ödənilməsinə, elektrik enerjisi təchizatının daha da şaxələndirilməsinə və dayanıqlığının təmin edilməsinə yeni imkan yaradır. Bu Fərman "Azərenerji" ASC-nin qarşısına yeni vəzifə və funksiyalar qoyur və infrastrukturun kompleks inkişafı üçün yeni imkanlar açır.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların inkişafı istiqamətində ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) müvafiq Dövlət Proqramları çərçivəsində regionlarda mövcud infrastrukturun bərpası və inkişafı istiqamətində, o cümlədən elektrik enerjisi sistemində mühüm tədbirlər həyata keçirilib. "Azərenerji" ASC tərəfindən bu dövr ərzində iqtisadi inkişafın tələblərini və əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində iqtisadi rayonlar üzrə ümumi gücü 2300 meqavatdan artıq müasir texnologiyaların tələblərinə cavab verən 20-yə yaxın elektrik stansiyası tikilib, 10 minlərlə kilometr elektrik verilişi xətləri və bir çox yarımstansiya tikilib və ya yenidən qurulub.

Davamlı inkişaf konsepsiyasının tərkib hissəsi olan Dövlət Proqramından irəli gələn vəzifələrin və funksiyaların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün "Azərenerji" ASC hər il tədbirlər planına uyğun olaraq kompleks işlər görür.

Hazırda "Azərenerji" ASC bu Dövlət Proqramında qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmək üçün ölkənin enerji sistemində yeni güclərin yaradılması, yeni istilik və su elektrik stansiyalarının tikintisi, ötürücü şəbəkələrin tikintisi və yenidən qurulması, regionlarda mövcud enerji bloklarının modernləşdirilməsi işlərinin davam etdirilməsi kimi layihələrin üzərində işləyir.

"Azərenerji" ASC yeni texnologiyaların idarəetmə prinsiplərinə malik mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.

Azərbaycan Respublikasında davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə əsaslanan inkişaf prosesini və sosial rifahın daha da artırılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev 2016-cı il dekabrın 6-da "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında" Fərman imzalayıb.

Strateji Yol Xəritəsi: "Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaq". Strateji Yol Xəritəsində milli baxışa uyğun olaraq, prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

"Azərenerji" ASC Strateji Yol Xəritəsindən irəli gələn vəzifə və funksiyaları keyfiyyətlə yerinə yetirmək məqsədilə ASC-nin idarə aparatında, eyni zamanda, tabe müəssisələrində kadr potensialının gücləndirilməsi və ehtiyat kadr bazasının yaradılması üzrə proses həyata keçirilir. Bu işlər bir-birinə paralel olaraq aparılır və bir-birini tamamlayır.

Belə ki, son illərdə reallaşdırılmış məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisi sistemində yeni texnologiyalar və beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq nəzəri biliklər və yüksək peşə hazırlığı tələb edir.

Hazırda "Azərenerji" ASC ixtisası və bilik səviyyəsi ölkə enerji sisteminin müasir texnologiyaların tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir. Vakansiyalarla "Azərenerji" ASC-nin yeni tərtib edilmiş rəsmi saytında (www.azerenerji.gov.az) tanış olmaq mümkündür.

Davamlı və hərtərəfli inkişafa hesablanmış dövlət strategiyası hər bir sahədə olduğu kimi energetika sahəsində də uğurlu nəticəsini vermişdir. Sosial-iqtisadi həyatımızın vacib elementinə çevrilən elektrik enerjisi sistemi dövrün tələbinə uyğun olaraq inkişaf etməkdədir. Bunun nəticəsidir ki, yeni generasiya gücləri əldə edilmiş və Azərbaycan Respublikasının əhəmiyyətli dərəcədə elektrik enerjisi potensialı yaradılmışdır. Enerji sisteminin mövcud infrastrukturunun müasirləşdirilməsi, yeni texnologiyanın tətbiqi və s. görülmüş işlər sayəsində enerji dayanıqlığı və təhlükəsizliyi tam təmin edilmişdir.

- Bir həftədən sonra Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları başlayır. "Azərenerji" ASC bu mötəbər yarışların keçirilməsinə hazırdırmı?

- "Azərenerji" ASC olaraq, həmişə olduğu kimi IV İslam Həmrəyliyi Oyunları zamanı da üzərimizə düşən vəzifənin öhdəsindən gəlməyə hazırıq. Bununla əlaqədar texniki tədbirlər əvvəlcədən görülmüşdür. Rəhbər işçilərdən ibarət növbətçilik cədvəli tərtib edilmiş və elektrik xətlərinin mühafizəsi gücləndirilmişdir. Təchizatçılar tələbatlarına uyğun fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin ediləcəkdir. Artıq bir neçə ildir ki, respublikamızın beynəlxalq tədbirlərə, idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi bunu deməyə bir daha əsas verir.

Bu idman yarışları zamanı öz üzərinə düşən vəzifələri keyfiyyətlə yerinə yetirmək üçün "Azərenerji" ASC tərəfindən müvafiq işlər gerçəkləşdirilib. Səhmdar Cəmiyyətdə də artıq bir neçə müddətdir ki, bununla bağlı lazımi təşkilati və texniki tədbirlər görülməyə başlanılıb. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçirilib. İş qrafiki vaxta görə uyğunlaşdırılıb, Rəhbər işçilər bu xüsusda təlimatlandırılıb və onlardan ibarət yeni növbətçilik cədvəli tərtib edilib. Sistem əhəmiyyətli elektrik verilişi xətləri üzrə təftiş intensivləşdirilib və bu istiqamətdə mövcud olan nəzarət gücləndirilib.

"Azərenerji" ASC-nin rəhbərliyi tərəfindən bu gün qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı öz öhdəsinə düşən bütün vəzifələr bir daha nəzərdən keçirilib. Təchizatçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı ilə bağlı məsələlərə bir daha diqqət yetirilib. Bununla əlaqədar qarşıya qoyulan tapşırıqlara daha məsuliyyətlə yanaşılaraq, baş verə biləcək hər hansısa bir hadisəyə hazırlıqlı olmağın vacibliyi ön plana çəkilib.

Əminik ki, bu tədbir də layiqincə həyata keçiriləcəkdir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları uğurla gerçəkləşərək, dünyanın idman tarixində yeni bir səhifə yazacaqdır. "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının tarixinə xüsusi həkk olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə