Nəzarət Palatası: Sığorta şirkətləri 150 milyon manatdan çox sığorta haqqı toplayıb

Bu ilin ilk rübü ərzində sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqlarının miqdarı 150 milyon 681 min manat, ödənişlər isə 60 milyon 292 min manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin məlumatında deyilir ki, cari ilin birinci rübündə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 111 milyon 913 min manata çatıb. Bu sığorta növləri üzrə ödənişlər isə 16 faiz artaraq 47 milyon 344 min manata yüksəlib. İcbari sığorta növləri üzrə yığımlar 38 milyon 768 min manat təşkil edib. Hesabat dövründə şirkətlər tərəfindən sözügedən sığorta növü üzrə 12 milyon 949 min manat ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 315 min manat və ya 11 faiz artım deməkdir. Hesabat dövründə sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə