Bu mallar BƏƏ - yə ixrac olunacaq

Azərbaycandan BƏƏ-yə bir sıra kənd təsərrüfatı (fındıq, pomidor, xurma, alma, albalı, gilas, xiyar, tütün, şokolad, üzüm və s.), sənaye (alüminium plitə, borular, elektrik naqilləri və s.), həmçinin kimya məhsulları ixrac oluna bilər. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə artıq bu ölkəyə Azərbaycan iş adamlarından ibarət ixrac missiyası göndərilib, Azərbaycan məhsulları vahid ölkə stendi ilə Dubayda nümayiş olunub. Ümumiyyətlə, son 10 ildə Azərbaycan və BƏƏ iş adamlarının iştirakı ilə 20 tədbir keçirilib. Azərbaycan şirkətləri "Dubay Expo-2020" Sərgisinə də dəvət edilib. Həmçinin, BƏƏ investorlarının iştirakı ilə Azərbaycanda yeni emal müəssisələri yaradılması, BƏƏ iş adamları tərəfindən ölkəmizdə yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması müzakirə olunub.

Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri imzalayıb. Protokolda sənaye, energetika, bərpa olunan enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, ticarət, investisiyalar, ətraf mühit, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə